Ukraynanın nüvə enerjisi operatoru bazar ertəsi Rusiya raketinin Ukraynanın cənubundakı atom elektrik stansiyasının yaxınlığına düşdüyünü bildirib.
Enerqoatom açıqlamasında bildirib ki, raket Pivdennoukrainsk atom elektrik stansiyasından 300 metrlik məsafəyə düşüb, lakin onun reaktorlarına zərər vurmayıb. Enerqoatom-un bildirdiyinə görə, raket zərbəsi nəticəsində yaxınlıqdakı binalara ziyan dəyib.
“Rusiya bütün dünyanı təhlükə qarşısında qoyur. Çox gec olmadan biz bunun qarşısını almalıyıq, Ukrayna prezidenti Volodimir Zelenski Telegram səhifəsində yazıb.
Pivdennoukrainsk Ukraynanın ikinci böyük atom elektrik stansiyasıdır. Ən böyük Zaporijye atom elektrik stansiyası Rusiya və Ukraynanın bir-birini günahlandırdıqları atışmalardan sonra sentyabrın əvvəlindən bağlanıb.
Ukrayna prezidenti Volodimir Zelenski bazar günü deyib ki, Ukrayna qüvvələrinin əraziləri Rusiya qüvvələrindən geri almaq səyləri zəifləməyəcək.
Zelenski gecə müraciəti zamanı açıqlamaları bu ay Ukraynanın şimal-şərqindəki Xarkiv vilayətində Ukrayna qüvvələrinin əks-hücum zamanı nailiyyət əldə etməsinin ardınca verib.
“Bəlkə indi bəzilərinizə elə gəlir ki, bir sıra qələbələrdən sonra bizdə müəyyən sakitlik yaranıb. Lakin bu, sakitlik deyil. Bu, növbəti seriyaya hazırlıqdır, çünki Ukrayna azad olmalıdır – bütövlüklə”, Zelenski deyib.
ABŞ Prezidenti Co Bayden bazar günü axşam CBS News telekanalına müsahibəsində deyib ki, Birləşmiş Ştatların və digər müttəfiqlərinin köməyi, həmçinin “Ukrayna xalqının inanılmaz cəsarəti və inanılmaz qətiyyətinə”görə Ukrayna müharibəni uduzmur.
Bayden deyib ki, müharibədə qalib gəlmək Rusiyanı “Ukraynadan tamamilə çıxarmaq” və Ukraynanın suverenliyini tanımaq deməkdir.
ABŞ-ın Ukraynaya hərbi və humanitar yardımı ilə bağlı sualı cavablandıran Bayden deyib ki, ABŞ Ukraynaya “nə qədər lazımdırsa” dəstəyini davam etdirəcək.
Bazar günü UkraynaRusiyadan geri aldığı ölkənin şimal-şərqindəki İzyum və digər şəhərlərdəki döyüşlərdə həlak olanları axtarıb.
İzyum meri Valeri Marçenko dövlət televiziyasına qəbirlərin qazıldığını və bütün qalıqların Xarkivə aparıldığını bildirib.
Zelenskinin şənbə günü bildirdiyinə görə, müstəntiqlər Rusiyanın aylardır nəzarətində saxladığı Xarkiv vilayətinin Ukraynanın geri aldığı 20-dən çox şəhərdən biri olan İzyumda dəfn edilən bəzi əsgərlərə qarşı işgəncələrə dair yeni sübutlar aşkar edib. O, bir yerdə 17 cəsəd tapıldığını, onlardan bəzilərində işgəncə izləri olduğunu bildirib.
Ukrayna rəsmiləri keçən həftə İzyum yaxınlığındakı meşəlik ərazilərdə 440 cəsədin aşkar edildiyini bildirib. Ölənlərin mülki şəxslər olduğu təsbit edilən kəşfin müharibə cinayətlərinin Rusiya qüvvələri tərəfindən törədildiyini sübut etdiyini deyib.
Moskva təxminən 7 aya yaxın davam edən işğalı zamanı mülki şəxsləri hədəf aldığını dəfələrlə inkar edib. Kreml məzarların tapılması ilə bağlı heç bir açıqlama verməyib.
Bu ayın əvvəlində Xarkiv vilayətini tərk edən rusiyapərəst administrasiyanın rəhbəri ukraynalıları İzyumda vəhşiliklər törətməkdə ittiham edib.