Accessibility links

Konqres Ukraynaya əlavə yardımı müzakirə etdiyi bir vaxt Zelenski Vaşinqtona səfər edəcək


Konqres Rusiyaya qarşı mübarizəni dəstəkləmək üçün Ukraynaya əlavə 21 milyard dollarlıq yardımı müzakirə etməyə davam etdiyi bir vaxt Ukrayna prezidenti Volodimir Zelenskinin gələn həftə Vaşinqtona səfər edəcəyi gözlənilir.

ABŞ qanunvericiləri Ukraynanın Rusiyanın işğalına qarşı mübarizəsini davam etdirdiyi bir vaxt, ona daha çox yardım edib-etməmək məsələsində getdikcə daha çox fikir ayrılığı yaşayırlar. Prezident Co Bayden 13 milyard dollarlıq hərbi yardım və 8 milyard dollarlıq humanitar yardım istəyir. Lakin bəzi Respublikaçı qanunvericilər Ukraynaya əlavə yardımın göndərilməsinin əleyhinədir

Zelenskinin gələn həftə Nyu Yorkda BMT Baş Assambleyasının iclasından sonra Ağ Evdə Baydenlə görüşəcəyi gözlənilir.

Ukraynanın Rusiyanın işğalına qarşı əks-hücum cəhdi gözlənildiyindən daha yavaş olsa da, Zelenski cümə axşamı Ukraynanın ilhaq edilmiş Krım yarımadasında, onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemini məhv etməsini qeyd edib.

"Ukrayna Təhlükəsizlik Xidmətinin bütün şəxsi heyətini, eləcə də Hərbi Dəniz Qüvvələrimizi xüsusi qeyd etmək lazımdır. İşğalçıların hava hücumundan müdafiə sistemi məhv edilib. Çox əlamətdar hadisədir. Əla!" - deyə, Zelenski gecə etdiyi video-müraciətində bildirib.

Cümə axşamı ABŞ Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstanda 150-dən çox müəssisə və fiziki şəxsə sanksiya tətbiq edərək, Rusiyanın Ukraynaya qarşı müharibəsinin maliyyələşdirilməsini əngəlləmək məqsədi daşıyan ticarət məhdudiyyətlərindən yayınma hallarını aradan qaldırmağa çalışıb.

Ən yeni sanksiyalar paketi Dövlət Departamenti və ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən tətbiq edilən ən böyük sanksiyalardandır. O, Moskvanın müharibə səylərinə yardım etmək üçün Qərb texnologiyalarını satanları, xüsusən də Ukraynanı dəstəkləyən Qərb hərbi ittifaqının üzvü olan Türkiyədəki iş adamlarını hədəf alıb.

ABŞ-da biznes və fiziki şəxslərin malik ola biləcəyi aktivləri bloklayan sanksiyalar, həmçinin Arktika təbii qaz layihələri, Rusiya silahlarını istehsal edən və təmir edən mədən və fabriklərlə yanaşı, müharibəni maliyyələşdirən Rusiyanın enerji sektorunun inkişafına mane olmaq məqsədi daşıyır.

Dövlət Departamentinin dediyinə görə, ABŞ sanksiyaları eləcə də Moskvaya mülki və hərbi texnikada istifadə oluna bilən kompüter çipləri və prosessorları kimi ABŞ və Avropa elektron komponentlərini əldə etməyə yardım edən bir neçə Türkiyə və Rusiya şirkətlərini hədəf alıb.

Dövlət Departamenti həmçinin Rusiya Müdafiə Nazirliyinə bağlı bir şirkətə gəmi təmiri xidmətləri göstərən türk şirkətlərini də hədəfləyib.

Forum

XS
SM
MD
LG