Accessibility links

Zeynəb Xanlarova: Tofiq Yaqublunu mərd Azərbaycan kişisi kimi tanıyıram


Tofiq Yaqublu
Tofiq Yaqublu

Azərbaycanın müxalif siyasi xadimi Tofiq Yaqublu on yeddinci gündür ölüm aclığını davam etdirir. Onun aclıq aksiyasına başlamasına səbəb həbsi barədə məhkəmə hökmüdür.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

Vəkil Aqil Layıcovun Avropa İnsan Hüquqları Məhkəməsinə 39-cu Qaydaya görə ünvanladığı müraciət əsasında sentyabrın 12-də Yaqublu saxlanıldığı Şüvəlan təcridxanasından Bakıdakı mülki xəstəxanaya (City Hospital özəl klinikası) köçürülüb. Bu qayda insan həyatı üçün geridönməz həyati təhlükələr olduqda tətbiq olunur.

Sentyabrın 17-də Ədliyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri "City Hospital"da Tofıq Yaqubluya baş çəkib.

TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev bildirib ki, Yaqubluya dərhal aclığı dayandırmasını tövsiyə edib.

“Əks halda, aclıq prosesi davam etdiyi müddətdə orqanizmində gedən metobolik proseslər daha da dərinləşə bilər. Hazırkı vəziyyətində isə həyatı üçün təhlükə yoxdur. Ümumi olaraq, Yaqublunun vəziyyəti kafi-ağır qiymətləndirilir," o qeyd edib.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev lazım olan bütün tədbirlərin görüldüyünü qeyd edib.

"Xəstəxanada şərait yaradılıb. Qida qəbul etməsə də, parentral olaraq ona lazım olan məhlullar köçürülür. Bu gün onun üçün həyati qorxu yoxdur. Lakin biz hər birimiz ona şiddətlə aclığı dayandırmağı tövsiyə etdik," Mehdiyev qeyd edib.

Yaqublunu müalicə edən müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybulla Amerikanın Səsinə bildirib ki, aclığın davam etdirilməsi koma vəziyyətini qaçılmaz edir.

“Xeyli zəifləyib, çəki itirib, halsızlaşıb. Özünün iradəsinin ziddinə olsa da, tibbi korreksiyalar edilir. Amma qida qəbul etmir. Onun durumu elədir ki, hər an komaya düşə bilər, aclıq keçirən insanda hər şey ola bilər. Ona görə də çalışırıq ki, ağırlaşma olanda vaxtında müdaxilə edə bilək,” həkim qeyd edib.

Tofiq Yaqublunu müdafiə aksiyaları genişlənməkdədir

Müxalif siyasi xadimin aclıq aksiyasına dəstək məqsədi ilə Bakıda və Berlində aclıq aksiyaları təşkil edilib. Hazırda Müsavat Partiyasının qəraragahında hüquq müdafiəçisi Zəfər Əhmədov və AXCP fəalı Elnur Həsənov aclığı davam etdirir. Dünən aksiyaya ictimai fəal Səyyarə Heydərova və bu gün Əli Azəri qoşulub.

Elnur Həsənov artıq 17 gündür aclıq edir.

“Elnur Həsənovun səhhəti ağırdır, qan təzyiqi düşüb, yeriyə bilmir, əsəbi gərginləşib, hərəkətinin koordinasiyasını itirib, danışığında gecikmələr var. O, halsız vəziyyətdə uzanıb, sinə və qarın boşluğu nahiyyəsində kəskin ağrılar baş qaldırıb,” Zəfər Əhmədov Amerikanın Səsinə deyib

Son günlər Almaniyanın Berlin, Bonn, Nürnberq, Türkiyənin İstanbul, Kanadanın Toronto, Fransanın Strasburq, Çexiyanın Paraqa şəhərində Tofiq Yaqubluya dəstək məqsədi ilə aksiyalar keçirilib.

Azərbaycan ziyalıları, ictimai xadimləri, bir sıra deputatlar Tofiq Yaqublunun azadlığa buraxılmasını müdafiə edən bəyanatlarla çıxış edib. Milli Məclisin deputatı Razi Nurullayev Yaqublu barədə həbs qətimkan tədbirinin dəyişdirlməsini vacib saydığını bildirib.

Azərbaycan Yazıçılar Birliynin rəhbəri Anar Rzayev bildirib ki, tanınmış siyasətçi, jurnalist və ya ictimai xadimin həbsxanada olmasını istəmir.

Yazıçı Çingiz Abdullayev hesab edir ki, Yaqublunu həbsdən azad etmək lazımdır.

“Üstəlik, o, Qarabağ müharibəsi veteranıdır. Mən, ümumiyyətlə, həbsdən daha yumşaq metodların tətbiqinin tərəfdarıyam,” Çingiz Abdullayev qeyd edib.

Müğənni Zeynab Xanlarovanın prezident İlham Əliyevə müraciətində deyilir ki, o, Yaqublunun uzun müddət həbsdə olmasını haqsızlıq kimi dəyərləndirir.

“Sizdən şəxsən xahiş edirəm ki, onun azadlığa buraxılmasına köməklik edəsiniz. Tofiqi mərd Azərbaycan kişisi kimi tanıyıram, bala acısı görmüş adamdır. Bu gün onun həbsdə olması ilə bağlı aclıq etməsi faciə ilə sonuclana bilər. İnanıram ki, belə mövzularda ilk dəfə olaraq sizə müraciət etməyimi nəzərə alacaqsınız,” Xanlarova qeyd edib.

Bununla yanaşı, çoxsaylı ictimai, siyasi xadimlər, ziyalılar, hüquq müdafiəçiləri, beynəlxalq təşkilatlar Tofiq Yaqublunun dərhal azadlığa buraxılmasını tələb edən bəyanatlarla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG