Accessibility links

AXCP fəalına qarşı ittiham daha ağır maddəyə tövsif edilib


Zeynal Bağırzadə
Zeynal Bağırzadə

Naxçıvan Muxtar Respublikasında (NMR) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) yerli təşkilatının fəalı Zeynal Bağırzadəyə qarşı ittiham daha ağır maddəyə tövsif edilib.

Z. Bağırzadə ötən il noyabrın 16-da həbs olunub. O, CM-in 315.1-ci maddəsi (hakimiyyət nümayəndəsinə zorakılıq tətbiq etməklə müqavimət göstərmək) ilə ittiham edilib.

İbtidai istintaqın yekunlarına görə, Z.Bağırzadənin barəsində ittiham 315.2-ci (hakimiyyət nümayəndəsinə həyat üçün təhlükəli zorakılıq tətbiq etməklə müqavimət göstərmək) maddəyə tövsif edilib. Əgər birinci halda onu 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdisə, indi onu 7 ilədək həbs gözləyir.

Z. Bağırzadə artıq məhkəmə qarşısında dayanıb. Yanvarın 8-də məhkəmənin hazırlıq iclası doğmalarını məlumatlandırmadan keçirilib. Növbəti iclasa ailə üzvləri buraxılıb. Bunu onun qardaşı, AXCP regional şöbəsinin rəhbəri Yaşar Bağırsoy təsdiqləyib.

O, bildirib ki, Zeynal Bağırzadə uydurma ittihamla həbs olunub. Bu, şahid ifadələrindən də görünür. Belə ki, bunlar eyni ifadələrdir, surətçıxaran kağızla yazılıb. Eyni zamanda dəqiqləşdirici suallar verilərkən onlar qorxudulub.

Həbsdən bir neçə gün öncə Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri onun Nehrəm kəndindəki evinə gələrək fonda ödəniş etməsini tələb ediblər. Z.Bağırzadə evdə olmayıb. Faiq İsmayılov adlı məmur ev sahibi haqqında təhqiramiz ifadələr işlədib. Həyat yoldaşının etirazları ilə qarşılaşan məmur qadını da təhqir edib. Sonradan F.Bağırzadə Sosial Müdafiə Fonduna gedərək həyat yoldaşının niyə təhqir olunması ilə bağlı açıqlama tələb edib. Buna cavab olaraq F.İsmayılov Z.Bağırzadəni vurub və digər məmurlarla birlikdə onu döyüb.

Demək olar ki, onu huşsuz vəziyyətdə küçəyə atıblar və yoldan keçənlər Z. Bağırzadəyə yardım göstərib. Bağırzadə özünə gələndən sonra Babək Rayon Prokurorluğuna şikayət edib. İki gündən sonra o, prokurorluğa çağırılıb və həbs olunub.

Məhkəmə zamanı Z. Bağırzadənin beş qonşusu təsdiq edib ki, F. İsmayılov həqiqətən onun həyat yoldaşını və bütün Nehrəm sakinlərini təhqir edib.

Z. Bağırzadənin xanımı bildirib ki, F. İsmayılova qarşı şikayəti baxılmaq üçün qəbul edilməyib.

Z. Bağırzadənin müstəqil vəkili yoxdur. Onun hüquqlarını dövlət vəkili müdafiə edir ki, o da məhkəməyə gəlməyib. Hazırda ona başqa dövlət vəkili təyin edilib.

Y. Bağırsoy qardaşının həbsdə fiziki və psixoloji təzyiqlərə məruz qaldığından şübhələnir.

“Zeynal həmişə öz hüquqlarını müdafiə edib. Lakin məhkəmədə ruhdan düşmüş kimi görünür. Ləng danışır. Bir şey haqda danışmağa başlayır, sonra duruxur, nə demək istədiyini unudur. Ona hər hansı psixotrop dərmanların verilməsindən şübhələnirik”, Y.Bağırsoy bildirib.

Həbsdən sonra Z. Bağırzadəyə doğmaları ilə görüşə icazə verilmir. Məhkəməyə və Penitensiar Xidmətə şikayətlər nəticə verməyib. İş üzrə növbəti məhkəmə iclası yanvarın 27-nə təyin edilib.

Bir neçə il öncə Z. Bağırzadə kəndə su verilməsini dayandıran məmurların özbaşınalığına etiraza görə həbs olunmuşdu. Sonradan həbs şərti cəza ilə əvəzlənib.

XS
SM
MD
LG