Zimbabvenin sabiq prezidenti Robert Muqabe 95 yaşında vəfat edib.
Ölkənin hazırkı prezidenti Emmerson Mnanqaqva onun vəfatını rəsmi Twitter hesabında paylaşıb.
O, Muqabeni 'azadlıq ikonası, həyatını xalqının azad edilməsi və hüquqlarının təmin olumasına həsr edən pan-Afrikanist' adlandırıb. Mnanqaqva deyib ki, Muqabenin Zimbabvenin və qitənin tarixinə verdiyi töhfələr heç vaxt unudulmayacaq.
On illərlə hakimiyyətdə qalan Muqabe insan haqlarını pozmaqda, rəqiblərini həbs etdirməkdə, öldürməkdə, və ölkə iqtisadiyyatını bərbad hala salmaqda ittiham olunub.
Muqabe Zimbabve 1980-ci ildə müstəqilliyini əldə edəndən sonra 40 ilə yaxın ölkəni idarə edib.
Ordu Muqabeni 2017-ci ildə Zimbabvenin lideri vəzifəsini tərk etməyə məcbur edib.
Muqabe əvvəllər ölkəsinin xilaskarı olaraq görülürdü.
Lakin illər keçdikcə o, insan haqları pozuntuları səbəbilə tənqid olunmağa başlandı. Bu sıraya siyasi rəqiblərinin döyülməsi, işgəncə verilməsi və öldürülməsi də daxil idi.
Muqabenin tərəfdarları 2000-ci ildə ağdərili insanların əllərindən sahib olduqları əkin sahələrini alandan sonra Qərb ölkələri Muqabe və onun müttəfiqlərinə sanksiyalar tətbiq etdi. Əkin sahələri genişmiqyaslı əkinçilik təcrübəsi olmayan qaradərililərə veriləndən sonra Zimbabvenin əkinçilik məhsulları azaldı və ölkənin iqtisadiyyatı zəiflədi.
Muqabenin hakiiyyəti dönəmində iqtisadiyyatı bərbad hala düşən ölkədə hiper-inflyasiya yaşanıldı.
Afrika Milli Konqresi Muqabenin vəfatı ilə bağlı başsağlığı bəyanatı yayıb.