Accessibility links

Zərdüşt Əlizadə: Üsyançıların Müəmmar Qəzzafini devirməyə gücü çatmır


Zərdüşt Əlizadə: Üsyançıların Müəmmar Qəzzafini devirməyə gücü çatmır
Zərdüşt Əlizadə: Üsyançıların Müəmmar Qəzzafini devirməyə gücü çatmır

Politoloqun fikrincə, ərəb inqilabları təsiri İranda deyil, Rusiyada hiss ediləcək. O, Liviyada mövcud durum, humanitar böhran, qərb dövlətlərinin münasibəti və ərəb inqilablarının regional təsirlərindən danışıb.

Şərqşünas - politoloq Zərdüşt Əlizadə Amerikanın Səsi radiosuna müsahibəsində Liviyada mövcud durum, humanitar böhran, qərb dövlətlərinin münasibəti və ərəb inqilablarının regional təsirlərindən danışıb.

Sual: Liviyada hadisələrinin son nəticələrini necə görürsünüz?

Cavab: Üsyançıların Müəmmar Qəzzafini devirməyə gücü çatmır. Ordunun əksəriyyəti Qəzzafinin tərəfindədir. Əhali də elə bil, inqilab eyforiyasından ayılıb. Sadəcə indi iki mütəşəkkil qüvvə üz-üzə dayanıb. Ölkənin qərbi Qəzzafinin əlindədir, şərqinin isə bir hissəsi üsyançıların əlindədir. Orada üsyançılar hökumət təşkil edib. Bu hökumət 50-yə yaxın ölkədə tanınıb. Artıq Qəzzafi ordusu şəhərləri üsyançıların əlindən alır. Bu şəraitdə Amerikanın mövqeyi qətiləşib və prezident Barak Obama açıq şəkildə deyib ki, Qəzzafinin istəyinə çatmasına imkan verə bilmərik.

Əlbəttə, Amerika hərbi gəmilərinin Liviya sahillərinə toplaşmasına və BMT üzvü olan müstəqil dövlətə qarşı hərbi güc tətbiq edilməsinə bəraət qazandırmaq üçün deyirlər ki, humanitar böhran yaranıb. Əsas kimi, Liviyadan qaçan xarici işçiləri göstərirlər. Amma, həmin işçilər internetdə yazır ki, onların yaşadığı şəhərlərdə döyüş getmir, qırğınlar yoxdur. Burada həm də böyük dövlətlərin marağına xidmət edən media fırıldaqları var.

Təbii ki, Qəzzafi çox mənfi bir siyasətçidir, amma onun xalq tərəfindən devriləcəyi barədə deyilənlər özünü doğrultmadı. Çox güman ki, o hərbi müdaxilə nəticəsində devriləcək.

Sual: Beynəlxalq reaksiyaları necə qiymətləndirirsiniz? Amerika, Avropa dövlətlərinin Liviya hadisələri ilə bağlı bəyanatları var. Bir sıra media orqanları NATO qüvvələrinin Liviyaya daxil olacağını yazır. Həm də, Liviyada ən çox investisiyalar Türkiyəyə məxsusdur.

Cavab: Türkiyə ərəb inqilablarında çox mötədil mövqe tutub. NATO dövlətləri Liviyaya təcavüz edərsə, bu beynəlxalq hüququn işləmədiyinin nümayiş olar. Bütün dövlətlər onlardan gözlənilən mövqeni sərgilədi. Məsələn, Avropa dövlətləri Amerika ilə həmrəy oldu, insan haqlarını, demokratiyanı önə çəkdilər, humanitar fəlakətin olmamasını istədilər. Amma, mən Qəzzafini əvəz edəcək islami qüvvə kimi özünü nümayiş etdirən müxalifətin insan haqları və demokratiyanı təmin edəcəyinə inanmıram.

Sual: Liviyada vətəndaş müharibəsi ola bilərmi və ya hərbi qarşıdurma uzana bilərmi?

Cavab: Maksimum 10-15 günə hadisələr aydınlaşacaq. Hazırda Qəzzafi ordunu toplaya bilib və üstünlük yavaş-yavaş onun tərəfinə keçir. Əgər, müxalifətə xaricdən yardım olmazsa, üsyan yatırılacaq və rəhbərləri xaricə qaçacaq. Xarici yardım olarsa üsyançılar Liviyanın yeni hökumətini təşkil edəcək.

Sual: Liviyada humanitar böhran varmı?

Cavab: Humanitar böhran odur ki, Avropaya qaçmaq istəyən çoxsaylı insan Tunis və Misirə gedib. Çəkilişlərdə yanmış və dağıdılmış evləri göstərirlər. Amma, bunlar da ölkədəki yaşayış məskənlərini çox geniş əhatə etmir. İnsan itkiləri barədə də məlumatlar dəqiq deyil, bu 260-dan 6 minə qədər göstərilir.

Sual: Beynəlxalq humanitar təşkilatların geniş köməyinə ehtiyac varmı?

Cavab: BMT-nin humanitar məsələlər üzrə nümayəndəsi Tunis sərhədində göründü və humanitar yardımların lazımlılığını dedi. Misirliləri Maltaya köçürürlər, oradan isə təyyarə və gəmilərlə daşıyırlar.

Sual: Ərəb inqilablarının regional təsirləri nə ola bilər? Çünki, son zamanlar İranda inqilab çağırışları sürətlə artmaqdadır. Eyni zamanda, Rusiyada inqilab şüarları səslənməkdədir.

Cavab: İranda vəziyyətə hökumət tam nəzarət edir. Hökumət çox güclüdür, ordu və təhlükəsizlik qüvvələri hökumətin tərəfindədir. Hökumətin həyata keçirdiyi sosial proqramlar hələlik əhalini öz tərəfində saxlamağa kömək edir. İran rejiminin hökuməti devirməyə imkan verəcəyinə inanmıram.

Amma, Rusiya prezidenti və baş naziri özlərini güvənli göstərməsinə baxmayaraq, hökumətin fəaliyyətindən əhali çox narazıdır. Bu ölkədə külli miqdarda xalq əmlakının mənimsənilməsi, varlılarla kasıblar arasında qütbləşmənin kəskinləşməsi baş verib. Ən əsası isə Rusiyanın bir dövlət kimi gələcəyi yoxdur. Burada millətçiliyin də, liberalizminin də güclənməsi ölkənin dağılmasına təkan verəcək. Yəni, bütün variantlarda Rusiyanın dağılma təhlükəsi cəmiyyətdə inqilab təhlükəsi ilə bağlı fikirlərin güclənməsinə təkan verir.

Sual: Azərbaycanda da inqilabla bağlı müxtəlif şüarlar səslənməkdədir. Son günlər isə Facebook sosial şəbəkəsində martın 11-də on-layn mitinq keçirmək təşəbbüsü ilə çıxış ediblər. Ərəb dünyasında inqilablar da, eyni ssenari ilə başlanıb.

Cavab: Azərbaycanda virtual aləmin real aləmə təsir imkanları çox məhduddur. Adnan Hacızadə və Emin Millinin məhkəməsi bunu bir daha sübut etdi. Çünki, virtual aləmdə minlərlə insan onları müdafiə edirdi, amma məhkəmənin qarşısına yüz adam belə gəlmirdi.

XS
SM
MD
LG