Havay ştatında sunami xəbərdarlığı ləğv edildi

Kanadanın Sakit Okean sahilində baş vermiş 7.7 bal gücündə zəlzələ cənubi-qərbi Kanada və Havay ştatı sahillərində yalnız mülayim sunamilərlə müşayiət olunub..

Havayda qərargahlanan Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi nəhəng sunami təhlükəsinin sovuşduğunu xəbər vermiş, eyni zamanda ştat sakinlərinə ehtiyatlı olmağı tövsiyə etmişdir. Mərkəz gəmi səyahətçilərini və üzgücüləri nəhəng dalğalar və güclü cərəyanlardan qorunmağa çağırıb.

Bundan öncə bütün Havay adaları boyunca xəbərdarlıq siqnalları səsləndirilmiş və çox sayda adam sahil ərazilərdən evakuasiya olunmuşdu. Havay qubernatoru Neil Aberkrombi fövqəladə vəziyyət elan edərək əlavə təhlükəsizlik ölçülərinin götürülməsinə göstəriş verib.

Baş vermiş zəlzələ mülayim sunamilər yaratsa da gözləntilərin əksinə olaraq Kaliforniya və Havay sahillərində ciddi dağıntılar törətməyib.