Üç həftə aclıq - “Yeni GAMOH liderləri 15 kiloqrama qədər çəki itirib.” [Audio]

Səccad Duman Radmehr

Güneyli siyasi fəal Səccad Radmehr (Duman) üç həftədən artıqdır İran məhkəməsinə etiraz olaraq aclıq aksıyası keçirən qardaşı Şəhram Radmehr və Yeni GAMOH təşkilatının digər liderləri - Lətif Həsəni, Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət) və Behbud Quluzadənin durumu və onları müdafiə etmək üçün təşkil olunan kampaniyalarla bağlı Amerikanın Səsinə danışıb.

Your browser doesn’t support HTML5

Səccad Radmehr Amerikanın Səsinə danışır


Səccad Radmehrin sözlərinə görə, hazırda Kərəcin Rəcayi-şəhr zindanında saxlanılan beş Yeni GAMOH liderinin ailə üzvləri iyulun 31-də məhbuslarla şüşə arxasından görüşə biliblər: “Məhbuslar fiziki baxımdan çox zəifləyiblər, rəngləri saralıb və hardasa 12-15 kiloqram çəki itiriblər. Amma onların ruhiyyəsi yaxşıdır və aclığa davam edəcəklərini söyləyiblər,” deyə cənab Radmehr ailələrin müşahidələrinə əsaslanaraq qeyd edib.

Yeni GAMOH liderləri

Onun dediklərinə görə milli fəallar periodik olaraq mədə qanaxması və bayğınlıq kimi hallar yaşayır və onların sağlıq durumu get-gedə pisləşir.

Cənab Radmehr Azərbaycanlı şəxsiyyətlər və fəalların Yeni GAMOH liderlərinə müraciət edərək onlardan aclığa son verməyi istəmələrini müsbət qiymətləndirib.

Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının sabiq üzvü aclıq edən fəalların müdafiəsində aparılan fəaliyyətlər və kampanyaların güclü və zəif tərəfləri haqqında fikirlərini Amerikanın Səsi ilə paylaşıb.

O, nisbi muvəffəqiyyətlərin əldə edildiyini, ancaq Azərbaycan milli hərəkatından asılı olmayan problemlər, eləcə də bu hərəkatın içərisindəki çatışmazlıqlar üzündən gözlənilən hədəflərə nail olunmadığını bəyan edib.

İsveçdə mühacirət həyatı yaşayan güneyli fəalın fikrincə, Güney Azərbaycan milli hərəkatı umumiyyətlə insan haqları sahəsində fəaliyyət və kampaniyanı effektiv şəkildə təşkil edə bilməyib.