"Humanitar əsaslarda biz Azərbaycan hökumətinə təkid edirik ki, Leyla Yunusa dərhal müstəqil tibbi müayinə və qayğı üçün şərait yaratsın, onun təhlükəsizliyini təmin etsin və durumunu yaxşılaşdırsın", deyə ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki bəyanat verib.
Rəsmi Vaşinqtonun açıqlamasında tanınmış insan haqları fəalı Leyla Yunusun həbsdə saxlanılmasından, onun lazımi tibbi qayğıdan məhrum edilməsindən və səhhətinin pisləşməsindən həyəcan ifadə olunur.
Bu yaxınlarda onunla eyni kameraya salınmış məhbus və həbsxana nəzarətçisi tərəfindən fiziki hücumlara məruz qalmış Leyla Yunusun fiziki təhlükəsizliyi Dövlət Departamenti tərəfindən dərin narahatlıqla qarşılanır.
"Biz Azərbaycan hökumətini qanunun aliliyinə hörmət etməyə və səhhəti ağır olan adamlardan başlayaraq fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbsə atılmış bütün adamları dərhal azadlığa buraxmağa təkid edirik."
Leyla və Arif Yunusların sağlamlıq durumunu xüsusi olaraq qeyd edən rəsmi Vaşinqton İlham Əliyev hökumətini öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq vətəndaşlarının hüquqlarına hörmət etməyə çağırır.
"Vətəndaşlarının hüquqlarına, ləyaqətinə, azalıqlarına hörmət etmək ilk növbədə Azərbaycanın maraqlarındandır", deyə bəyanatda qeyd olunur.