Dünya qüdrətləri və İran arasında tarixi razılaşma

İranla nüvə danışıqlarında iştirak edən liderlər birgə şəkil şəkdirirlər. 14 iyul, 2015.

Dünya qüdrətləri İranla həmin ölkənin nüvə proqramını məhdudlaşdırmaq müqabilində iqtisadi sanksiyaları yüngülləşdirəcək razılıq əldə ediblər. Bu razılıq on ildən çox davam edən danışıqların ardınca əldə olunub.

Bu barədə rəsmi bəyanatı Avropa İttifaqının xarici işlər üzrə rəhbəri Federika Mogerini və İranın xarici işlər naziri Cavad Zərif veriblər. Onlar BMT təftişi altında Tehranın nüvə proqramını məhdudlaşdırmasına dair ötən bir neçə həftədə saatlarla müzakirələr aparıblar.

Mogerini bildirib ki, razılıq balanslıdır və hər iki tərəfin maraqlarını nəzərə alır. O, sazişi mürəkkəb, detallı və texniki sənəd kimi təsvir edib.

Xanım Mogerinidən sonra danışan Cavad Zərif fars dilində jurnalistlərə eyni sözləri dediyini bildirib. Zərif bu anlaşmanı hər iki tərəf üçün qələbə kimi qiymətləndirib.

Anlaşmaya imza atan tərəflər Britaniya, Çin, Fransa, Rusiya, ABŞ və Almaniyanın daxil olduqları P5+1 qrupu və İrandır.

İran prezidenti Həsən Ruhani Twitter-də yazıb ki, proses “konstruktiv təmasın işlədiyini” nümayiş etdirir.

ABŞ prezidenti Barak Obama bu dəqiqələrdə anlaşma ilə bağlı rəsmi açıqlama ilə çıxış edir.