Vaşinqton ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərini dəstəkləyir

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə bu yaxınlarda keçirilmiş danışıqlarda Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda irəliləyiş əldə etməyə razılıq veriblər. Bu razılıq aprelin əvvəllərində təmas xəttində zorakılıqların kəskin eskalasiyasından sonraya təsadüf edir.

ATƏT həmsədrləri birgə yaydıqları bəyanatda münaqişənin "hərbi yolla həllinin olmadığını" və 1994-95-ci il atəşkəs razılıqlarına hörmət edilməsinin vacibliyini vurğulayıblar. Onlar hər iki prezidentin "atəşkəsə və münaqişənin dinc yolla həll edilməsinə sadiq qaldıqlarını" qeyd ediblər. Prezidentlər eləcə də "ATƏT araşdırma mexanizmini tezliklə yekunlaşdırmağa" və hazırkı ATƏT monitorinq missiyasını genişləndirməyə razılıq veriblər. Prezidentlər "hərtərəfli sülh sazişi istiqamətində danışıqların bərpa olunması məqsədilə" danışıqların növbəti raundu üzərində razılaşıblar.

Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində yerləşən kiçik ərqazidir. Lakin bu ərazi 1994-cü ildən bəri Ermənistan tərəfindən dəstəklənən etnik erməni separatistlərinin nəzarəti altındadır.

Birləşmiş Ştatlar Minsk Qrupu prosesini, eləcə də həmsədrlərin beynəlxalq hüquqa, BMT xarityasına, Helsinki Yekun Aktına və ələlxüsus qeyri-zorakılığa, ərazi bütövlüyünə və öz müqəddəratını müəyyən etmək prinsiplərinə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsini qərəzsiz və ədalətli yolla həll etmək səylərini möhkəm dəstəkləyir.