Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşları iyunun 17-də Xırdalan şəhərindəki stansiyanın ərazisində etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıların sözlərinə görə, Prezident İlham Əliyevin mart ayında imzaladığı sərəncama əsasən, koronavirus pandemiyası ilə mübarizə aparan tibb işçilərinə verilməli olan əlavə ödənişlər onlara çatmayıb. "Bizdən başqa hamıya bu ödənişlər edilir. Xahiş edirik, cənab prezidentin sərəncamına tabe olmayanlar cəzalandırılsın", tibb işçilərindən biri vurğulayıb.
Onlar deyiblər ki, qızdırmalı xəstələrin çağırışlarına gedirlər.
Etiraz edənlər habelə bildirib ki, şikayətlərini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəzərinə çatdırıblar: "TƏBİB isə deyir ki, bizlik deyil, gedin baş həkiminizə deyin. Onun yanına isə düşmək olmur. 20 gündən çoxdur prezidentə məktub yollamışıq, cavab yoxdur".
Aksiya iştirakçıları əlavə edib ki, işlədikləri Təcili Tibbi Yardım maşınları çoxdan köhnəlib. "2007-ci ilin maşınlarıdır, köhnədir. Maşınlarda olan avadanlıq işləmir. Xahiş edirik, işimizə baxılsın", şikayətçi vurğulayıb.
Rəsmilərdən cavab
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə "Turan" agentliyinə bu məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etməyə məsləhət görüblər.
"Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşları koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etməyiblər".
"Qafqazinfo" saytının xəbərinə görə isə, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib. O qeyd edib ki, aksiya iştirakçıları digər çağırışlar üzrə tibbi və təxirəsalınmaz xidmət göstərib: "Abşeron rayonu üzrə koronavirus infeksiyası ilə bağlı çağırışlara Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gedib. Bu stansiyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə 345 min 730, aprel ayı üzrə 390 min 903 və may ayı üzrə 348 min 910 manat müddətli əlavələr ödənilib. Ümumilikdə 1 milyon 85 min 543 manat 55 qəpik ödənilib".
A.Əhmədova onu da bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, müddətli əlavələr koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə şamil olunur: "Yanacaq və ambulansların vəziyyəti ilə bağlı şikayətlər TƏBİB tərəfindən araşdırılacaq".
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 287 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 446 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycandan isə indiyə kimi 10 min 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 126 nəfərin vəfat etdiyi açıqlanıb.
Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin elan edilib.
AzadlıqRadiosu