Orduya dəstək yürüşünə görə həbs olunan 15 nəfər ev dustaqlığına buraxıldı

Your browser doesn’t support HTML5

Dekabrın 7-də Səbail rayon Məhkəməsində 14 iyulda Bakıda keçirilmiş "Orduya Dəstək" yürüşündə baş verənlərə görə saxlanılanlardan 15 nəfəri ev dustaqlığına buraxılıb. Məhkəmənin sədri Ağamalı Qafarov prokurorluğun vəsatəti əsasında bu işə baxıb. Prokurorluğun vəsatətində göstərilib ki, həbsdə olan şəxslərin ailə vəziyyəti, bir çoxunun himayəsində azyaşlı uşaqların olması, az ağır cinayətlər kateqoriyasından olan əməllərdə ittiham edilmələri və s. nəzərə alınaraq, onların ev dustaqlığına buraxılması məqsədəuyğun hesab edilir. Təqsirləndirilən şəxslər məhkəməyə gətirilməsə də, Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəmə prosesinə qoşulublar. Ev dustaqlığına buraxılan 15 nəfərdən üçü Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları, Naxçıvan MR daxili işlər nazirinin keçmiş müavini Səyavuş Mustafayev, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Pərvin Çobanovdur. Bu cinayət işi üzrə ümumilikdə 37 nəfər təqsirləndirilən şəxs var, onlardan 36-sı haqqında həbs-qətimkan tədbiri seçilmişdi. Bunlardan 21 nəfəri noyabrın 16-da ev dustaqlığına buraxılmışdı. Cinayət işinin materiallarında iddia olunur ki, yürüşdən sonra bir qrup şəxsin Milli Məclisə daxil olması, orada əmlaka ziyan vurulması, polis maşınının aşırılması baş verib. Bu iş üzrə təqsirləndirilən AXCP üzvləri ittihamların saxta olduğunu deyir. Azərbaycan rəsmiləri isə siyasi motivli həbslər barədə deyilənləri təkzib edir.