AXCP üzvünün həbs olunduğu deyilir 

Asim Ağayev

AXCP-nin Saatlı rayon təşkilatının üzvü Asim Ağayev 10 sutka həbs cəzası alıb.

AXCP-dən verilən məlumata görə, məhkəmə sentyabrın 29-da keçirilib. Saatlı rayon məhkəməsi Asim Ağayevə 10 sutka həbs cəzası verilməsi ilə bağlı qərar çıxarıb.

Sentyabrın 28-də Saatlı rayonunun 3 kəndinin sakinlərinin Orta Muğan kəndinin yaxınlığından keçən Bakı-İmişli avtomobil yolunu kəsməyə cəhd etdikləri bildirilir. Bu barədə yerli sakinlər məlumat verib. Həmin hadisələrin əks olunduğu görüntülər isə sosial şəbəkələrdə yayılıb.

AXCP rayon təşkilatının üzvü Şamil Hacıbəyli deyib ki, Asim Ağayev də həmin etiraz aksiyasında iştirak edib. O iştirak etdiyi etiraz cəhdi zamanı polis əməkdaşları tərəfindən saxlanılıb.

“Sadə kəndlilərin əkdiyi bitkilərə su çatmır. Arazın suyundan minlərcə hektar torpağa sahib olan məmurlar xeyir görürlər, amma bir neçə hektar torpağı arendaya götürən kəndlilər susuz qalır”, - Şamil Hacıbəyli əlavə edib.

Saatlı İcra Hakimiyyəti aparatının qəbul şöbəsindən isə bu xəbəri təkzib ediblər. Deyilənə görə, həmin tarixdə Saatlıda yalnız müharibədə həlak olan şəxsin anım mərasimi keçirilib və heç kim saxlanılmayıb.