'Bu, növbəti ildə qiymətlərin artacağının anonsudur'

Bazar, arxiv foto

Yeni il ərəfəsi bir sıra gündəlik tələbat malları yenidən bahalaşıb. Yaxın günlərə qədər bir ədədi 17 qəpik olan yumurta indi paytaxtın bəzi marketlərində 24 qəpiyə təklif edilir (kənd yumurtası 40 qəpiyə çatıb). Duru yağların qiymətində 10-20 qəpik, kolbasa və sosiskalarda isə 1-2 manat artım müşahidə olunur…

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-noyabr aylarında qiymət artımı 6.2 faiz təşkil edib. Ərzaq 7.4, qeyri-ərzaq məhsulları 4.8, əhaliyə göstərilmiş ödənişli xidmətlər 5.4 faiz bahalaşıb.

Rəsmi açıqlamaya görə, ərzaq 15 faiz bahalaşıb

Noyabr ayında bahalaşmanın cəmi 1.5 faiz olduğu vurğulanır. 2020-ci ilin noyabr ayına nisbətən isə (1 ildə) təkcə ərzağın 14.9 faiz bahalaşdığı bildirilir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən "Turan"a bildirilib ki, malların (işlərin, xidmətlərin) qiymətləri liberal bazar iqtisadiyyatı şəraitində rəqabət prinsiplərinə uyğun, tələb-təklif əsasında formalaşır: "Texnoloji xüsusiyyətlərdən asılı olaraq rəqabətin mümkün olmadığı və sosial əhəmiyyət kəsb edən bir sıra malların qiymətləri isə dövlət tərəfindən tənzimlənir".

İdxal amili…

Xidmətdən bildirildiyinə görə, aparılan təhlil və müşahidələrə əsasən, bir sıra məhsulların qiymət artımının səbəbi idxal olunan məhsulların idxal bazarında qiymətinin artmasıdır: "İdxal xammal əsasında istehsal olunan bir sıra məhsulların xammalları dünya bazarında bahalaşıb, məhsulun maya dəyərini formalaşdıran bir sıra xərclər (daşınma, enerji, xammal və s.) artıb,… bir sıra ölkələr öz daxili bazarında qiymət sabitliyini qorumaq, eyni zamanda, ərzaq ehtiyatlarını yaratmaq istiqamətində müdaxilələr edirlər"​.

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna mövzu ilə bağlı bunları deyib: "Həm ölkədə növbəti qiymət artımı, həm də bayramqabağı bahalaşma var". Onun fikrincə, ilin əvvəlindən başlayaraq hökumətin enerjidaşıyıcıların qiymətinin artırılması istiqamətində atdığı addımlar və ilin sonunda qiymət artımlarına daha böyük təkan verən bəzi qərarları bu mənzərəni yaradır:

Nemət Əliyev

"Enerjidaşıyıcıların qiyməti qalxdı"

"2020-ci ildə koronavirus pandemiyası təsirindən və ölkə əhalisinin alıcılıq qabiliyyətinin aşağı olması baxımından ticarət işçiləri xeyli itkilərə məruz qalıblar. Üstəlik də, enerjidaşıyıcıların qiyməti qalxdı və bu, istehsal xərclərini artırdı. Ona görə də hamı bayramı fürsət sayır ki, az da olsa, itkilərini kompensasiya etsinlər. Əvvəllər hökumət möhtəkirlərlə mübarizə aparırdı...".

Nemət Əliyevin fikrincə, indi isə hökumət özü qabağa düşmək istəyir. O qeyd edib ki, pensiyaların və əmək haqlarının 20 faizlik artımı mövcud bahalaşmanı heç cür kompensasiya edə bilməyəcək. Onun sözlərinə görə, bundan sonrakı dövrdə də bahalaşma davam edəcək: "Gələn ilin büdcə sənədlərində artıq idxalın bahalaşacağının anonsu verilib. Çünki idxal mallarının hesabına gömrük rüsumlarının artırılması nəzərdə tutulur. Bu da növbəti ildə qiymətlərin artacağının anonsudur".