Tədqiqtaçı: Son 20 ildə Azərbaycanda əhalinin sayı 2 milyon nəfərdən çox artıb

Population

2021-ci ildə Azərbaycanda əhalinin sayı 37 233 nəfər və ya 0,4 faiz artaraq 2022-ci il yanvarın 1-nə olan məlumata görə, 10 156 366 nəfərə çatıb.

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, əhalinin 53 faizi şəhərdə, 47 faizini kəndlərdə yaşayır, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Ötən il ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 56 314 nikah və 17 191 boşanma qeydə alıb.

Dövlət Statistika Komitəsi bildirir ki, ölkədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 2020-ci ilə nisbətən 60 faiz artaraq onun səviyyəsi 5,6, boşanma səviyyəsi isə 13,3 faiz artaraq 1,7% təşkil edib.

Ötən il ölkədə 76 878 ölüm halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 faiz təşkil edib. Ölənlərin 1793 nəfəri (2,3 faizi) 0-17 yaşda, 7747 nəfəri (10,1 faizi) 18-49 yaşda, 21004 nəfəri (27,3 faizi) 50-64 yaşda, 46334 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.

Azərbaycan Sosial Tədqiqat Mərkəzinin eksperti Elnur Çıraqovun “Son 100 ildə Azərbaycanda demoqrafik vəziyyət: proqnozlar və reallıqlar” adlı tədqiqat əsərində qeyd edilir ki, 2000-ci ildən başlayaraq son 20 illik dövrdə Azərbaycanda əhalinin sayı 2 milyon nəfərdən (25%) çox artaraq, 10 milyon nəfəri ötüb.

"Hazırkı dövrə qədər əhali sayı 100 il əvvəlki göstərici ilə müqayisədə təqribən 5 dəfə artıb. Eyni zamanda şəhər əhalisinin sayında ən az 10 dəfə artım qeydə alınıb,” tədqiqatçı qeyd edib.

BMT Əhali Fondu və İnkişaf Agentliyinin Azərbaycanda əhalinin demoqrafik vəziyyətinə dair hesabatında ölkə üzrə əhali sayının 2045-ci ildə 11 milyona çatacağı proqnozlaşdırılır.

“Həmçinin əhali artımının ötən illər üzrə dinamikasına və artım komponentlərinin vəziyyətinə görə, 2050-ci ilə qədər əhali sayının nəinki 12 milyon nəfəri keçməyəcəyi, hətta həmin illərdən etibarən azalan tendensiya üzrə davam edəcəyi proqnozlaşdırılır,” sənəddə qeyd edilir.