İyunun 1-i Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin noyabrında Almaniyadan Azərbaycana deportasiya və bir müddət sonra həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Pünhan Kərimlinin məhkəmə baxışı prosesi baş tutub.
Pünhan Kərimli narkotik vasitələrin satış məqsədilə əldə edilməsi ittihamı ilə həbs edilib. Bu ittihama əsasən o, 5 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Kərimlinin vəkili Cavad Cavadovun sözlərinə görə, məhkəmənin açıq keçirilməli olmasına baxmayaraq, iclasa jurnalistlər və digər şəxslər buraxılmayıb. "Bizim təkidlərimizdən sonra hüquq müdafiəçisi Fikrət Cəfərli və Almaniya səfirliyinin nümayəndələri məhkəməyə buraxıldılar" – deyə, Cavadov bildirib.
Vəkil əlavə edib ki, bugünkü məhkəmə iclasında Kərimli ifadə verərək, özünü təqsirli bilmədiyini deyib: "O, tutulmasının qanunsuz, qondarma olması ilə bağlı məhkəməyə ətraflı danışdı. Ona verilən işgəncələrdən danışdı. Tutulan vaxtı təsirlərdən, psixoloji təzyiqlərdən ətraflı danışdı".
Kərimlinin atası Vahid Kərimov məhkəmə prosesinin ədalətli keçəcəyinə ümidinin az olduğunu bildirib: "İndi mən necə inanım ki, burada ədalətli məhkəmə keçiriləcək? Ədalətli onda bilərdim ki, vətəndaşları açıq məhkəmədə hamı iştirak etsin, kim lazımdırsa onalardan ifadə götürülsün".
Pünhan Kərimli 2018-ci il oktyabrında Almaniyaya mühacirətə gedib. O, mühacirətdən öncə AXCP fəalı kimi etiraz aksiyalarında iştirak etdiyi üçün təqiblərə məruz qaldığını və bu səbəbdən ölkəni tərk etməyə məcbur olduğunu bildirir. 2021-ci il noyabrında Kərimli Azərbaycana geri göndərilib və bundan ay yarım sonra həbs edilib.