İyulun 6-da Yasamal rayon məhkəməsində "Tərtər işi" üzrə ardıcıl araşdırma aparan, KİM TV-nin redaktoru Abid Qafarova qarşı xüsusi cinayət ittihamı qaydasında şikayətə baxılır.
Abid Qafarovun Amerikanın Səsinə verdiyi məlumata görə, ona qarşı İkinci Qarabağ müharibəsi veteranlarından ibarət qrup iddia qaldırıb.
Onun sözlərinə görə, əvvəlcə şikayətçilərin sayı 7 nəfər idi, sonradan dörd veteran şikayətini geri çəkib.
Veteranlar hesab edir ki, Abid Qafarov internetdəki çıxışında onları təhqir edib və böhtan edib.
Qafarov ittihamı hüquqi cəhətdən əsassız hesab edir, belə ki, o, şəxsən heç kimin adını çəkməyib. "Mən veteranları təhqir etmək istəmirdim, əksinə, istəyirdim ki, onların hüquqlarını pozulmasın" - deyə, o qeyd edib. O, öz mövqeyini izah etdikdən sonra dörd veteran şikayətini geri çəkib.
Fərdi ittihamçılar onun böhtan və təhqirə görə - CM-in 147 və 148-ci maddələri ilə bir il müddətinə azadlıqdan məhrum edilməsini tələb edirlər.
"Vəkilim Elçin Sadıqov məhkəmədən iş materialları ilə tanış olmaq üçün bir həftə vaxt istədi. Amma hakim ona 15 dəqiqə vaxt verdi. Qanun pozuntusuna yol verərək, məni zaldan buraxmadılar, amma mən israr etdim. Proses bərpa olunduqda vəkil zalda deyildi, amma hakim iclası təxirə salmadı, mənə dövlət vəkili təyin etdi" - deyə, Qafarov bildirib.
Məhkəmə bu iş üzrə linqvistik ekspertiza təyin etdiyinə görə proses təxirə salınıb.
Hüquq müdafiəçiləri də Qafarova qarşı ittihamın əsassız olduğunu hesab edirlər. Onların fikrincə, Qafarova qarşı təzyiq onun "Tərtər işi"ndə işgəncə faktlarını ifşa etməsi ilə bağlıdır.
Öz növbəsində veteranlardan bəziləri Amerikanın Səsinə bu iş üzrə iddialarından əl çəkdiklərini təsdiqləyiblər. Lakin digər veteranlarla əlaqə saxlamaq mümkün olmayıb.
Bundan əlavə bu iş üzrə hazırda Yasamal rayon məhkəməsinin dəftərxanasından şərh almaq cəhdi baş tutmayıb.
2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayıb. Onlar Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilib ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.
Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmə zamanı işgəncə nəticəsində vəfat etdiyi ilə bağlı iddialar yayılıb. Baş Prokurorluq həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq edib.
Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyib.
Məhkəmə prosesləri də əsasən qapalı keçirilib.
2021-ci il iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.
Sənəd müəllifləri "Tərtər işi"ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmanın zəruriliyini bildiriblər. Belə ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib.
"Parlament Assambleyası Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatların sayının artmasından narahatdır. Məsələn, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb.
25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb" , sənəddə deyilir.
Nəhayət, 2021-ci il noyabrın 1-də Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, "Tərtər işi"ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib.
Baş Prokurorluq isə 16 dekabr 2021-ci ildə cinayət işli üzrə icraatı təzələyib.
Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, cinayət işi üzrə icraat təzələndikdən sonra prokurorluq Azərbaycan Müdafiə Nazirliyinin bəzi hərbi qulluqçularının qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində bir qrup hərbi qulluqçunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib.
"İstintaq hərəkətləri zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Vüsal Ələsgərov, Rüstəm Ələsgərov, Ramil Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Fuad Axundov Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib".
Mətbuat Xidməti bildirir ki, cinayət işləri üzrə icraat təzələnəndən sonra işgəncəyə və digər qanunsuz əməllərə məruz qalan 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib.
"Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkən kimi tanınan şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib. Əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılan, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunan şəxslərlə bağlı prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya qaytarılması üçün Baş Prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib" , məlumatda qeyd edilir.