Azərbaycan-Ermənistan sərhədində döyüşlər baş verib, itkilər var

Sentyabrın 12-də gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin bəzi istiqamətlərində döyüşlər başlayıb.

Bu barədə Azərbaycan və Ermənistan Müdafiə Nazirlikləri məlumat yayıb.

Tərəflər döyüşlərin başlamasında bir-birini günahlandırır.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində Azərbaycan Ordsunun mövqeləri atəşə tutulub.

"Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib," nazirlik bildirib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Qoris (Gorus), Sotk (Zod) və Cermuk (Cermux) istiqamətində artilleriya və iriçaplı silahlardan erməni mövqelərini intensiv atəşə tutmağa başlayıb.

Rəsmi Yerevan azı 49 erməni əsgərin öldürüldüyünü və çox sayda əsgərin yaralandığını bildirir.

Sentyabrın 13-nə keçən gecə baş nazir Nikol Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib.

"Ermənistan ərazisinə təcavüz ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və BMT-yə müraciət edilib," Ermənistanın hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.

Bununla yanaşı, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makronla, ABŞ Dövlət Katibi Antoni Blinkenlə telefonla danışaraq mövcud durum barədə məlumat verib.

ABŞ Dövlət Katibi Antoni Blinken hər iki tərəfi "hərbi əməliyyatlara dərhal son qoymağa" çağırıb və münaqişənin hərbi yolla həlli olmadığını deyib.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin Ermənistan və Azərbaycanı münaqişəni siyasi və diplomatik yollarla həll etməyə çağırıb.