İlham Əliyev və Nikol Paşinyan arasında görüş planlaşdırılır

İlahm Əliyev, Şarl Mişel və Nikol Paşinyan (Foto Avropa İttifaqınındır)

Çex Respubikasının paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək.

Bu barədə Ermənistanın Baş Nazirinin mətbuat ofisi məlumat verib.

Görüşün 6 oktyabr tarixində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutacağı gözlənilir.

Bundan əlavə Ermənistan Xarici işlər nazirliyinin sözçüsünün rəsmi Twitter hesabında paylaştığı məlumata görə, Nikol Paşinyan sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla da görüşəcək.

Bundan öncə Əliyev və Paşinyan arasında avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli formatda görüş olub. Həmin görüşün nəticəsində Ermənistan və Azərbaycan arasındakı dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəlinib və xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanmasına dair tapşırıq verilib.

Bu analoji formatda bundan öncə daha üç görüş olub. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş isə 23 may, 2022-ci ildə keçirilib.

Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutacaq görüş isə Azərbaycan-Ermənistan sərhədində son gəginliklərdən sonraya təsadüf edir.

SEE ALSO: Şarl Mişel: Azərbaycan və Ermənistan sülh müqaviləsi istiqamətində işin sürətləndirilməsi ilə bağlı razılığa gəlib

Belə ki, bu il sentyabrın 12-dən 14-dək və sonrakı günlərdə Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər qeydə alınıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırıb.

Rəsmi məlumatlara görə, döyüşlər nəticəsində Ermənistan tərəfindən ölən və itkin düşənlərin sayı 208 nəfərə çatıb, o cümlədən üç mülki şəxs həlak olub, ikisi itkin düşüb. 293 hərbçi və üç mülki şəxs yaralanıb, 20 hərbçi əsir götürülüb.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 79 hərbçisi həlak olub, 282 hərbi qulluqçusu yaralanıb. Azərbaycan tərəfi iki mülki şəxsinin yaralandığını bildirib.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə sentyabrın 27-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda görüşü olub və iki ölkənin sərhədindəki son gərginlik müzakirə edilib.

"Biz növbəti zorakılıqdan qaçmağın və vaxtında məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik," Ceyk Sallivan görüşdən sonra qeyd edib.