Aprelin 10-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 3 üzvü saxlanılıb, digər partiya üzvü isə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb. Bu barədə AXCP sədri Əli Kərimli məlumat yayıb.
Əli Kərimli bildirib ki, AXCP Ali Məclisinin üzvü Məzahir Rəhimov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində ittiham olunaraq 10 sutka müddətinə inzibati həbs cəzası alıb:
"AXCP Ağdaş Rayon şöbə sədri Qorxmaz Əbdürrəhimov isə Məzahir Rəhimovdan xəbər almaq üçün Ağdaş rayon Polis Şöbəsinə gedib və polis tərəfindən saxlanılıb. Əbdürrəhimov da həmin maddə ilə təqsirli bilinərək 100 manat cərimə olunub".
AXCP Ağdaş Şöbəsinin Gənclər Komitəsinin sədri Sərvan Əhmədov Ağdaş polisi tərəfindən saxlanılıb, daha sonra isə sərbəst buraxılıb.
AXCP Lənkəran şöbəsinin fəalı Cömərd Qaya Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb. Bu barədə o, öz Facebook profilində məlumat yayıb:
"Səbəbini soruşdum, dedi ki, bu, hansısa profilə rəy yazmağımla bağlıdır. Dedim, nə rəyi yazmışam? Dedi, həmin profil silinib, qalanını burada müzakirə edərik. Cavab verdim ki, rəsmi bildiriş yoxdur, Bakıya gəlməyə yolpulum da yoxdur, üstəlik, bir rəyə görə Bakıya niyə gəlim, Lənkəranda olan şöbənizə çağırın, araşdırın. Dedi ki, yox, Bakıya gəlməlisiniz. Bildirdim ki, rəsmi bildiriş göndərin və yol xərcimi də qarşılayın, gəlim. Dedi ki, yol xərcini qarşılayacağıq".
Cömərd Qayanın sözlərinə görə, aprelin 10-da DTX-ya çağırılması ilə bağlı bildiriş göndərilib.
"Bildirişdən məlum oldu ki, şahid qismində DTX-nin istintaq baş idarəsinə çağırılıram. Sabah saat 10:00-da orada olmalıyam. Narkotik istifadə etmirəm, satışı ilə məşğul olmuram. Silah istifadə etmirəm, onun da satışı ilə məşğul deyiləm. Hansısa dini radikal cərəyanların üzvü deyiləm. Onda bu çağrılma nə üçündür? Fəaliyyətim də Facebook üzərində, göz qabağındadır. Eyni zamanda Kanal13.TV-də müəllifi olduğum "Yazın ki, oxuyaq" verilişini, Azərbaycan Saatında da müəllifi olduğum "Düz xətt" verilişini aparıram. Bunları etməkdə hansısa cinayət və qəbahət yoxdur" - deyə, fəal bildirib.
Daxili İşlər Nazirliyindən iş saatı olmadığı üçün məlumat almaq mümkün olmayıb.
Martın 30-da 1 saylı Bakı İstintaq Təcridxanasında 53 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin hüquqlarının müdafiəsi məqsədi ilə keçirilən etiraz aksiyası zamanı 50-dən çox fəal saxlanılıb. Onların əksəriyyəti bir neçə saatdan sonra sərbəst buraxılıb.
Martın 31-də aksiya iştirakçılarından AXCP-nin Səbail rayon təşkilatının sədri Ceyhun Novruzov 30 sutlka, partiyanın fəalı Səhlədar İsgəndərli 25 sutka inzibati həbsə məhkum edilib. Yasamal rayon Məhkəməsi hər iki siyasi fəalı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilib. Aksiyanın dörd iştirakçısı - Bəbək Həsənli, Kənan İsmayılov, Hüseyn İbrahimov və Cavid Zülfüqarlı inzibati qaydada 50 manat cərimə olunub.
Rəsmi qurumlar məsələ ilə bağlı hələ açıqlama verməyib.