Qeyri-müəyyənliyə baxmayaraq, Türkiyədəki suriyalı qaçqınlar ümidlərini itirmir

2011-ci ildə ölkələrində münaqişə başlayandan bəri üç milyondan çox suriyalı Türkiyəni vətəninə çevirib. Türkiyədə həyatın çətinliklərinə baxmayaraq, bir çoxları aktiv olaraq digər suriyalı qaçqınlara kömək etməyə çalışır.

Vətəni Suriyada müharibənin dəhşətlərini görən Üsamə Əl-Buşi 2016-cı ildən Türkiyədə yaşayır. 24 yaşlı gənc ölkədən qaçmazdan əvvəl həkim olmaq arzusunda idi. İndi o, Türkiyənin paytaxtı Ankarada döşəmə podratçısı işləyir. Evdən uzaqda yaşaması onu Türkiyədəki digər suriyalılara kömək etməyə sövq edib.

“İşə getməyəndə buradakı suriyalı qaçqınlara dəstək olmaq üçün sosial media vasitəsilə işləyirəm. Buradakı bir çox suriyalı problemlərlə üzləşir. Mən bəzən məmurlardan müsahibə alaraq o problemlərin həllinə kömək etməyə çalışıram. Bəzi suriyalılar Türkiyə qanunlarını bilmir. Bu məsələdə onlara dəstək olmaq üçün sosial şəbəkələrdən istifadə edirəm”.

BMT-nin məlumatına görə, Türkiyədə 3,6 milyon suriyalı qaçqın var. Bu, 2011-ci ildə Suriya münaqişəsi başlayandan bəri əksəriyyəti qonşu ölkələrə qaçan 6,8 milyon suriyalı qaçqının təxminən yarısıdır.

Ekspertlər deyirlər ki, əksər qaçqınlar öz ölkələrini tərk etdikdən sonra ilk çatdıqları ölkədə qalır.

Milyonlarla suriyalı qaçqın Türkiyədə, xüsusən də keçən ay hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın qazandığı seçkilər zamanı mübahisə mövzusuna çevrilib. Kampaniya zamanı Ərdoğan 1 milyon suriyalı qaçqının vətənə qaytarılması üçün çalışacağına söz verib.

Əl-Buşi deyib ki, özünün və digər qaçqınların Türkiyədə olmasının siyasiləşdirilməsi faydalı deyil.

“Mən hər kəsi qaçqınlardan siyasi alət kimi istifadə etməməyə çağırıram. Qaçqınlar artıq məcburi köçkünlük və evdən uzaqda olmanın digər təzyiqləri səbəbindən sıxıntı içindədir. Xahiş edirəm, onların yükünü artırmayın” deyib.

Türkiyə hökuməti ötən ay 29 mindən çox suriyalı qaçqının evlərinə qayıtdığını bildirib.

Əl-Buşi və digər fəallar ümid edirlər ki, Suriyada vəziyyətin yaxşılaşması ilə daha çox qaçqın könüllü və təhlükəsiz şəkildə vətənlərinə qayıda bilsin.