Ukrayna Təhlükəsizlik Xidmətindəki (SBU) mənbələr AzadlıqRadiosuna bildiriblər ki, üzərində 450 kiloqram trotil daşıyan dəniz dronu Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara Dənizdəki Novorossiysk bazasına hücum edərək Rusiya hərbi gəmisinə böyük ziyan vurub.
Digər tərəfdən Rusiya Müdafiə Nazirliyi avqustun 4-də bildirib ki, onun qüvvələri Ukrayna dəniz qüvvələrinin Novorossiysk bazasına göndərdiyi iki pilotsuz dəniz dronun hücumunu dəf edib. Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev isə RİA Novosti xəbər agentliyinə hücumlar nəticəsində tələfat və dağıntılar barədə məlumat verilmədiyini bildirib.
Lakin SBU mənbələri AzadlıqRadiosu ilə Rusiyanın "Olenegorsky Qornyak" desant gəmisinə edilən hücum anının video görüntüsünü paylaşıb. Mənbələr gəmidə 100-ə yaxın ekipajın olduğunu bildirir.
“Xüsusi əməliyyat donanma ilə birgə həyata keçirilib” deyə mənbələrdən biri AzadlıqRadiosuna məlumat verib. "Nəticədə "Oleneqorski Qornyak"-da böyük dəlik yaranıb. Və hazırda döyüş tapşırıqlarını yerinə yetirə bilmir. Ona görə də rusların "dəf edilmiş hücum"la bağlı bütün açıqlamaları saxtadır" deyə mənbə əlavə edib.
İddianı müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.
Məlumata görə, hücum Rusiyanın əsas ticarət limanlarından biri olan Novorossiyskdə gəmilərin hərəkətinin müvəqqəti olaraq dayandırılmasına səbəb olub.
Novorossiyskdə neft terminalını idarə edən Xəzər Boru Kəməri Konsorsiumu bildirib ki, liman rəhbərliyi gəmilərin bütün hərəkətini müvəqqəti dayandırıb, baxmayaraq ki, qurğular zədələnməyib və neftin yüklənməsi davam edir.
Müdafiə Nazirliyi həmçinin Krım səmasında 13 pilotsuz uçuş aparatını vurduğunu, lakin dağıntı və tələfat barədə məlumat verilmədiyini bildirib.
Bununla belə, sosial mediada Feodosya limanında neft anbarının alovlandığı və bəzi partlayışların olduğu barədə məalumatlar paylaşılır.