Havayın Maui adasının minlərlə sakini ərazini bürüyən alovlardan xilas olmaq üçün təxliyə edilib. Ötən illərin ən ölümcül yanğınlarından biri nəticəsində azı 36 nəfər həlak olub.
Yanğınlar adanı qəfildən bürüyərək tarixi Lahayna şəhərində maşınlarla dolu küçələri külə çevirib. 1700-cü illərdə inşa olunmuş şəhər Havay adalarının məşhur turist məkanlarından biri sayılır.
Yanğınsöndürən heyətlər bir neçə istiqamətdə alovla mübarizə apardıqları vaxt, yaşlılar və uşaqlar bəzi hallarda alovdan qurtulmaq üçün okeana qaçıb.
Maui qraflığının son açıqlamasına əsasən, azı 36 nəfər həyatını itirib, lakin ölüm halları ilə bağlı təfərrüata varılmır. Rəsmilər həmçinin 217 binanın yanğınlar nəticəsində dağıldığı, yaxud zərər gördüyünü bildirib.
Lahayna, Maui Qarflığı. 8 avqust, 2023. Jeff Melichar/TMX/via REUTERS
Lahayna sakinləri Kamuela Kauaoka və İyuliya Yasso çərşənbə axşamı 6 yaşlı övladları ilə birlikdə yanğından qurtulmalarını təsvir ediblər. Onların sözlərinə görə, yanğın elə sürətlə yayılıb ki, yalnız bir neçə paltarı özləri ilə götürməyə macal tapıblar.
“Biz zorla canımızı qurtardıq,” Kauaoka evakuasiya mərkəzində müxbirlərə bildirib. O, evlərinə nə olduğundan hələ də bixəbərdir.
Rəsmilər turistlərə ərazidən uzaq durmağı tövsiyə ediblər.
Bu arada 11,000 ziyarətçi Mauini tərk edib. Cümə axşamı əlavə 1,500 adamın adanı tərk edəcəyi gözlənilir, deyə ştat nəqliyyat rəsmisi Ed Sniffen bildirib.
Rəsmilər Havayın digər adasında, Honoluludakı Qurultay Mərkəzində minlərlə köçkünü qəbul etməyə hazırlaşırlar.