Dünya ölkələri Ukrayna və Qəzzada davam edən müharibələrin kölgəsində Yeni İli qarşılayır

Sidneydə bazar ertəsi Yeni il şənliklərinin bir hissəsi olaraq Sidney Opera Evi və Liman körpüsü üzərində atəşfəşanlıq, 1 yanvar 2024.

Dünya ölkələri Yeni ili Ukrayna və Qəzzada davam edən müharibələrin kölgəsi altında qarşılamağa başladı. Builki şənliklərə İsrail-Həmas müharibəsinin təsiri hiss olunsa da, dünya ölkələri 2024-cü ilə yenidən rəngli görüntülərlə daxil olur.

Hər il olduğu kimi Yeni Zelandiya və Avstraliya yeni ili ilk qarşılayan ölkələr oldu.

Yeni Zelandiyanın ən böyük şəhəri Oklandda ölkənin ən hündür tikilisi olan Sky Tower qülləsinin ətrafında minlərlə insan bazar ertəsi buludlu gecə səmasını işıqlandıran və lazer işığı və animasiya şousu ilə müşayiət olunan atəşfəşanlığı izləyib.

Avstraliyada Sidneydə 2024-cü il məşhur Opera Evinin 50-ci ildönümünü qeyd etmək üçün gümüş və qızıl pirotexniki vasitələrin gözqamaşdıran atəşfəşanlıqla qarşılanıb.

Sakit okeanda ada ölkələri olan Tonqa, Samoa və Kribatiare də 2024-cü ili qarşılayan ilk ölkələr arasında olub.

Ukrayna və Qəzzada davam edən müharibələr, eləcə də dünyanın bəzi yerlərində artan gərginlik bu il Yeni il şənliklərinə müxtəlif şəkildə öz təsirini göstərir. Bir çox şəhərlərdə təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi yerlərdə isə Yeni il tədbirləri ümumiyyətlə ləğv edilib.

Vatikanda Papa Fransisk 2023-cü ili müharibə əzabları ilə yadda qalan il adlandırıb. Bazar günü müqəddəs Pyotr meydanına baxan pəncərədən ənənəvi xeyir-dua verən Roma Papası “əzab çəkən Ukrayna xalqı, Fələstin və İsrail səkinləri, Sudan xalqı və bir çox başqaları üçün” dualar edib.

Nyu-Yorkda rəsmilər və təşkilatçılar Manhattanın mərkəzində Tayms Meydanına axışacağı gözlənilən on minlərlə insanın təhlükəsizliyini təmin etməyə hazır olduqlarını bildiriblər.

Mer Erik Adams illik Yeni il gecəsi şənliyi üçün “xüsusi təhlükə” olmadığını bildirib.

Təşkilatçılar pandemiyadan bəri Tayms Meydanı ətrafında piyada axınının bir qədər az olmasına baxmayaraq, bu il iştirakçıların sayının COVID-dən əvvəlki səviyyələrə qayıdacağının gözlənildiyini bildiriblər.

Qəzzada İsrail-Həmas müharibəsinin Nyu-Yorkda demək olar ki, hər gün etirazlara səbəb olduğu bir mühitdə polis şənliklərin keçiriləcəyi yerin ətrafında təhlükəsizlik perimetrini genişləndirərək, mümkün nümayişlərin qarşısını ala biləcək “bufer zona” yaradacaqlarını bildirib.

Fransada Yeni il şənliklərindən əvvəl təhlükəsizlik tədbirləri gücləndirilib. Parisdə 1,5 milyon insanın şənliklərə toplaşacağı gözlənilən Yeliyse çöllərində əsgərlərlə yanaşı, polis qüvvələri də yerləşdirilib. Fransanın daxili işlər naziri Jerald Darmanin terror təhlükəsinin “çox yüksək” səviyyədə olduğunu qeyd edib.

Rusiyada Ukraynada müharibənin davam etməsi fonunda keçən il olduğu kimi bu il də Moskvanın Qırmızı Meydanında atəşfəşanlıq və konsert ləğv edilib.

Əhalisinin əksəriyyəti müsəlman olan Pakistanda hökumət fələstinlilərlə həmrəylik aktı olaraq bütün Yeni il şənliklərini qadağan edib.