Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib

Hikmət Mirzəyev (Mənbə: Müdafiə Nazirliyi)

Prezident İlham Əliyevin 12 yanvar tarixli sərəncamı ilə general-leytenant, xüsusi təyinatlı qüvvələrin komandanı Hikmət Mirzəyev müdafiə nazirinin müavini, Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı təyin edilib.

Bu postu tutan Ənvər Əfəndiyev ehtiyata buraxılıb.

Hikmət Mirzəyev İkinci Qarabağ Müharibəsində Şuşa şəhərinin azad edilməsilə bağlı ən mühüm əməliyyatı hazırlayan və həyata keçirən komandirdir. Bu əməliyyatın əsas aparıcı qüvvəsi uzun illər Hikmət Mirzəyevin komandanlıq etdiyi xüsusi təyinatlı qüvvələr olub.

Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvar şəhərində anadan olub.

1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlayıb.

1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib.

1997-1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb.

1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsinə təyin olunub.

Mirzəyev Vətən müharibəsi qəhrəmanı və digər çoxsaylı orden və medallarla təltif edilib.