Təbriz və Urmiyədə edam hökmləri icra edilib

Urmiyə Mərkəzi Həbsxanası

Keçən bir həftə ərzində İran Azərbaycanı daxil olmaqla İranın müxtəlif vilayətlərində 10-dan artıq edam məhkumunun cəzası tətbiq edilib.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı (IHR) keçən günlərdə Urmiyə, Təbriz, Qızılhasar, və Əhvaz həbsxanalarında icra edilən edamlarla bağlı məlumat yayıb. Hüquq müdafiəçiləri daha öncə Həmdan və Zəncan həbsxanalarında da ən az üç məhbusun dar ağacından asıldığını bildirmişdilər.

IHR təşkilatının cümə günü yaydığı məlumata görə, bu yaxınlarda Təbrizdə Əfqanıstan əsilli bir şəxsın edam hökmü tətbiq edilib. IHR 33 yaşlı Vəliüllah Bəxtavərin qətl aktı ilə əlaqədar qisasa məhkum olduğu və təqribən 3 il öncədən həbsxanada saxlanıldığını bildirib.

Hüquq müdafiə qurumu bu yaxınlarda Urmiyə həbsxanasında asılan şəxsin isə əslən Kirmanşah vilayətindən olduğunu yazıb. 37 yaşlı Afşin Bağşirin narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar edama məhkum olunmuş və 6 il öncədən həbsdə saxlanılırdı.

Bu yaxınlarda Kərəcin Qızılhasar həbsxanasında da 3 məhkum dar ağacından asılıb. Qızılhasarda edam edilən şəxslərdən də birinin Əfqanıstan əsilli olduğu bildirilib.

Son dörd ildə İranda xüsusilə narkotik qaçaqmalçılığı ilə əlaqədar edamların sürətlə artdığı bildirilir. IHR təşkilatı 2023-cü ildə İranda həmin ittihamla əlaqədar 471 şəxsin edam edildiyini müəyyənləşdirib.