Nazim Bəydəmirlinin məhkəmə prosesi başlayıb

Nazim Bəydəmirli

Aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı və sabiq deputat Nazim Bəydəmirlinin işi üzrə hazırlıq iclası keçirilib.

Vəkil Aqil Layıc məhkəmədən cinayət işinə xitam verilməsini və ya qətimkan tədbirinin dəyişdirilməsini, ya da Bəydəmirlinin həbsdən azad edilməsi ilə bağlı vəsatət qaldırıb.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ötən ilin sentyabrın 1-də isə Nazim Bəydəmirlinin 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittiham irəli sürülüb.

İclas zamanı Bəydəmirlinin vəkili Aqil Layıc müttəhimin "siyasi motivlərlə" həbs olunduğunu deyib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin hər iki maddəsi üzrə nə cinayət obyekti, nə də cinayət hadisəsi var.

Bundan əlavə, irəli sürülən 2-ci ittihamda maddənin zaman aşımı artıq keçib. Digər tərəfdən Rusiyada Bəydəmirliyə qarşı cinayət işi açılmayıb.

Bəydəmirli çıxışında özünü günahkar hesab etmədiyini bildirib. O qeyd edib ki, həbsi keçən yay Gədəbəyin Söyüdlü kəndində qızıl-mədən müəssisəsi tərəfindən ətraf mühitin çirklənməsinə qarşı iğtişaşlarla əlaqəli ola bilər.

Məhkəmə müşavirədən sonra vəsatətlərin heç birini təmin etməyib.

Növbəti məhkəmə iclası mayın 13-nə təyin edib.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

"Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib", mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.