Livanın səhiyyə rəsmiləri cümə axşamı İsrailin Beyrutda yaşayış binasına hava hücumu həyata keçirdiyini bildirib. Nəticədə azı 6 nəfərin öldüyü, 7 nəfərin isə yaralandığını xəbər verilir.
İsrail ordusu Beyrutu hədəf alan əməliyyatlar apardığını və hücumların Hizbullah silahlı qruplaşmasına yönəldiyini bildirir.
BMT-nin Livandakı xüsusi koordinatoru Ceanin Hennis-Plasşaert cümə axşamı X-də yazıb ki, "Beyrutda daha bir yuxusuz gecə. Şəhəri silkələyən partlayışları sayırıq. Xəbərdarlıq siqnalları yoxdur. Bundan sonra nə olacağı bilinmir. Qarşıda yalnız qeyri-müəyyənlik görünür. Narahatlıq və qorxu hər yerdədir".
İsrail ordusu cümə axşamı bildirib ki, hava hücumları Livandakı 200 silahlı militantı hədəf alıb. O cümlədən Livanın cənubundakı Bint Cbeildə Hizbullahın silah saxlamaq üçün istifadə etdiyi binaya da hücum edilib. Bu hücumda təxminən 15 silahlı öldürülüb.
İsrail çərşənbə günü Livanda "məhdud" quru əməliyyatına başladıqdan bir gün sonra elan edib ki, Hizbullahla döyüşlərdə səkkiz əsgəri həlak olub.
İsrailin baş naziri Benyamin Netanyahu yayımladığı video müraciətində başsağlığı verərək deyib ki, "bizi məhv etməyə çalışan İranın şər oxuna qarşı sərt müharibənin ortasındayıq. Lakin bu, baş verməyəcək, çünki biz birlikdə olacağıq. Və Tanrının köməyi ilə biz birlikdə qalib gələcəyik. Cənubdakı girovlarımızı qaytaracağıq. Sakinlərimizi şimala qaytaracağıq. Biz Netzanın [İsrailin] əbədiliyini təmin edəcəyik".
İranın İsrailə hücumu
Çərşənbə axşamı İranın İsraili hədəf alan 200-ə yaxın ballistik raketdən ibarət misli görünməmiş zərbə endirməsindən sonra bölgədə gərginlik kəskin şəkildə artıb.
İran bu hücumu yəhudilərin Yeni ili ərəfəsində İsrailin öz müvəkkillərinə, o cümlədən iyulda Tehranda HƏMAS lideri İsmayıl Haniyə və keçən həftə Beyrutda Livan Hizbullahının rəhbəri Həsən Nəsrullaha qarşı sui-qəsdlər silsiləsinə cavab olaraq həyata keçirib.
Netanyahu xəbərdarlıq edib ki, Tehran hücuma görə "cavab verəcək" və onun təhlükəsizlik kabineti mümkün qisas məsələsini müzakirə etmək üçün çərşənbə axşamı axşam görüşüb.
Bəzi məlumatlarda əsasən İsrailin İranın neft emalı zavodlarına və hətta nüvə obyektlərinə zərbələr endirə biləcəyi ehtimal edilir.
Lakin ABŞ Prezidenti Co Baydan İsrailin İranın nüvə obyektlərinə zərbə endirməyi dəstəkləməyəcəyini bildirib.