Co Bayden oktyabrın 18-də Almaniyaya səfər edəcək

Almaniya hökumət mənbələri bazar günü Reuters agentliyinə bildirib ki, Milton qasırğası səbəbindən keçən həftəki səfərini ləğv edən prezident Co Bayden oktyabrın 18-də Almaniyaya səfər edəcək.

“Spiegel” daha əvvəl səfərin yeni tarixi barədə məlumat vermiş, görüşlərin planlarının çoxdan hazırlandığını bildirmişdi. Mənbələrin məlumatına görə, Baydenin səfəri rəsmi xarakter daşımayacaq, ancaq hər iki ölkə üçün prioritet olan məsələlərin müzakirəsi ilə məhdudlaşacaq.

“Spiegel” yazır ki, kansler Olaf Şolz və prezident Frank-Valter Ştaynmayerlə rəsmi danışıqlar gələn cümə gününə planlaşdırılıb. Danışıqlar zamanı Ukrayna və Yaxın Şərqdəki müharibə kimi məsələlər müzakirə olunacaq.

Baydenin əvvəlcə planlaşdırılan səfərinin ləğvi Ukraynaya mümkün yeni yardım öhdəliklərini müzakirəsi məqsədi ilə Ukrayna silah donor qrupunun genişləndirilmiş Ramşteyn toplantısının planlarını pozub.