İsrail Beyrutun cənub ərazilərinə hava zərbələri endirib

İnsanlar Hizbullah və İsrail arasında davam edən döyüşlər zamanı Livandan İsrailə göndərilən mərmilərdən birinin düşdüyü ərazidə (Rinatiya, İsrail, 24 noyabr 2024-cü il)

İsrail qüvvələri bazar ertəsi Beyrutun cənub ətrafına hava zərbələri endirib. Hücum insanlara ərazini tərk etməli olduqları ilə bağlı xəbərdarlıqdan sonra həyata keçirilib.

İsrail ordusu xəbərdarlığında Hizbullah militantlarının Haret Hreikdə fəaliyyət göstərdiyini bildirib. Xəbərdarlıqdan qısa müddət sonra ən azı iki zərbə nəticəsində səmaya qatı tüstü qalxıb.

İsrail ordusunun sözçüsü bildirib ki, zərbələr Hizbullahın hərbi komandanlıq qərargahını hədəf alıb.

Hücum İsrailin Beyruta azı 29 nəfərin ölümünə səbəb olan hücumuna cavab olaraq Hizbullah militantlarının İsrail ərazisinə təxminən 250 raket və digər mərmi atmasından bir gün sonra baş verib.

Hizbullahın zərbələrinin bir hissəsi İsrailin mərkəzində yerləşən Tel-Əviv bölgəsinə çatıb və nəticədə 7 nəfər yaralanıb. Bu, 2023-cü ilin oktyabrında İsrailə hücum edən və o vaxtdan Qəzzada İsraillə döyüşən HƏMAS militantlarına dəstək üçün bir ildən artıqdır ki, İsrailə atəş açan Hizbullahın bu müddət ərzində həyata keçirdiyi ən böyük hücumlardan biri idi.

İsrail-Hizbullah döyüşlərini dayandırmaq üçün atəşkəsə nail olmaq üçün danışıqlar davam edir. Silahlı qrup və Livan hökuməti ABŞ-ın atəşkəs təklifi ilə razıdır.

Lakin Avropa İttifaqının xarici siyasət rəhbəri Cosep Borrell döyüşlərin dayandırılmasına dair ümidləri az olduğuna işarə edib.

“Mən bunun baş verəcəyinə əmin deyiləm”, bazar günü Livan rəsmiləri ilə bir günlük görüşdən sonra Borrell jurnalistlərə deyib: “Mən İsrail hökumətinin atəşkəs üçün razılığa gəlməkdə maraqlı olduğunu görmürəm”.

“Mən atəşkəsin yaxınlaşdığını dəfələrlə eşitmişəm... Amma deyəsən, İsrail bir daha yeni şərtlər irəli sürür”, o, İsrailin Fransanın Livanın cənubunda beynəlxalq monitorinq qrupunun bir hissəsi olmasına icazə verməkdən imtina etməsinə işarə edərək deyib.

"Görünür, İsraildə döyüşlərin dayandırılması üçün güclü istək yoxdur", Borrel deyib.

HƏMAS militantları 2023-cü il oktyabrın 7-də İsraillə hazırkı müharibəyə səbəb olan hücumunda 1200 nəfəri öldürüb, 250-yə yaxın insanı girov götürüb. İsrail hərbçiləri HƏMAS-ın hələ də 101 girovu saxladığına, onlardan 35-nin öldüyünə inanır.

İsrailin Qəzzadakı əks-hücumunda 44 mindən çox fələstinli həlak olub. Bu məlumatı verən ərazinin Səhiyyə Nazirliyi rəqəmlərində döyüşçülərlə mülki əhali arasında fərq qoymur.

HƏMAS və Hizbullah ABŞ, Böyük Britaniya və digər Qərb ölkələri tərəfindən terror qruplaşması elan edilib.