Türkiyənin xarici işlər naziri bazar ertəsi bildirib ki, Suriyada müxalif döyüşçülərin sürətlə irəliləməsi onu göstərir ki, Suriya prezidenti Bəşar Əsəd öz xalqı ilə barışmalı və müxalifətlə dialoqa getməlidir.
Bunu Hakan Fidan Ankarada iranlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib. O bildirib ki, Suriyada vətəndaş müharibəsində müxalif tərəfləri dəstəkləyən Türkiyə və İran üsyançıların sürətli hücumu ilə ölkənin ən böyük şəhəri Hələbə nəzarəti ələ keçirməsindən sonra asayişi bərpa etmək üçün Rusiya ilə birlikdə diplomatik səyləri bərpa etməyə razılaşıblar.
Türkiyənin dəstəklədiyi döyüşçülərin sürətli irəliləyişi Əsədi çətin vəziyyətə qoyub. Hazırki irəliləyiş onun müttəfiqləri olan İran və onun dəstəklədiyi qruplar, eləcə də Rusiyanın öz münaqişələri ilə məşğul olduğu bir vaxta təsadüf edir.
Suriya müxalifəti tərəfindən son illərdə həyata keçirilmiş ən güclü hücum olan bu əməliyyat ABŞ-ın dəstəklədiyi İsrailin Qəzzada HƏMAS və Livanda Hizbullah kimi İran tərəfindən dəstəklənən iki müxtəlif silahlı qruplaşma ilə döyüşlər apardığı vaxt Yaxın Şərqdə daha bir cəbhənin açılması perspektivini artırır.
Hakan Fidan münaqişənin alovlanmasını Suriya hökumətinin Türkiyənin dəstəklədiyi müxalifətlə dialoqdan imtina etməsi ilə əlaqələndirib.
"Son hadisələr bir daha onu göstərir ki, Dəməşq öz xalqı və qanuni müxalifətlə barışıq yaratmalıdır. Türkiyə bunun üçün lazım olan bütün töhfələri verməyə hazırdır", o bildirib.
Fidanın açıqlamaları Türkiyənin Bəşar Əsədlə barışıq istiqamətində son səylərin nəticəsiz qalmasından sonra verilib. Bu açıqlamalar son hücumların Suriya liderinə siyasi danışıqlara başlamaq üçün təzyiq məqsədi daşıya bildiyinə işarə edir.
Türkiyə cənub sərhədi boyunca kürd silahlı qrupları ilə bağlı təhlükəsizlik təhdidlərini aradan qaldırmaq və 3 milyondan çox suriyalı qaçqının təhlükəsiz qayıtmasını təmin etmək üçün Suriya ilə əlaqələri normallaşdırmağa çalışır. Lakin Bəşar Əsəd Türkiyənin Suriyanın şimalından qüvvələrini çəkməsinin normallaşma prossesi üçün şərt olmasında təkid edir.
Bazar günü Ankaraya səfər etməzdən əvvəl Əsədi ziyarət edən İranın xarici işlər naziri Abbas Araqçi Tehranın Suriya hökumətinə tam dəstəyini bir daha bəyan edib. İran Əsədin əsas siyasi və hərbi dəstəkçilərindən biridir. İran 2011-ci ildə Əsədin hakimiyyətinə qarşı etirazların geniş müharibəyə çevrilməsindən sonra ölkəyə hərbi məsləhətçilərini və qüvvələrini yerləşdirib.