Ukrayna rəsmiləri cümə axşamı bildirdilər ki, Rusiyanın dron hücumu nəticəsində bir nəfər yaralanıb və Odesa vilayətindəki liman infrastrukturu zədələnib.
Odesa qubernatoru Oleh Kiperin sözlərinə görə, hücum Dunay çayı boyunca yerləşən İzmail bölgəsinə yönəlib.
Rumıniyanın Milli Müdafiə Nazirliyi bildirib ki, cümə axşamı eyni bölgəyə yaxın ərazidə bir dron Rumıniya hava məkanına daxil olub, sonra isə Ukraynaya keçib.
Nazirlik bəyanatında Rusiyanın Ukraynanın mülki infrastruktur obyektlərinə qarşı həyata keçirdiyi bu hücumları sərt şəkildə pisləyərək, onların əsassız və beynəlxalq hüquq normalarını ciddi şəkildə pozduğunu vurğulayıb.
Ukrayna və Rumıniya ilə sərhəd bölgədə yerləşən Moldova da cümə axşamı iki Rusiya dronunun onun ərazisində partladığını açıqlayıb.
Moldova prezidenti Maya Sandu hadisənin ölkə sakinlərinin həyatını riskə atdığını bildirib.
"Rusiya heç bir sərhədə hörmət etmir, mülki şəxslərə hücum edir, terror yayır. Onun Ukraynadakı müharibəsi cinayətdir. Biz, dinc xalqları rahat buraxın" ,"Sandu "X" sosial platformasında yazıb.
Ukrayna ordusu cümə axşamı Rusiyanın gecə saatlarında buraxdığı 140 drondan 85-nin vurulduğunu açıqlayıb.
Hərbi qüvvələrin məlumatına görə, dronların qarşısı Çerkası, Çerniqov, Dnipropetrovsk, Xarkiv, Xerson, Kirovoqrad, Mikolayiv, Odesa, Poltava və Sumı vilayətlərində alınıb.
Dnipropetrovsk qubernatoru Serhiy Lısak "Telegram"da yazıb ki, dron, artilleriya və raket hücumları nəticəsində 10 ev, 1 biznes obyekti, elektrik xətləri və qaz boru kəməri zədələnib.
Rusiyanın Müdafiə Nazirliyi isə cümə axşamı bəyan edib ki, Ukraynanın 83 dronunu, əsasən Rusiya-Ukrayna sərhəd bölgələrində məhv edib.
Dronların demək olar ki, yarısı Bryansk vilayəti üzərində vurulub və yerli rəsmilərin sözlərinə görə, heç bir ziyan və ya itki qeydə alınmayıb.
Voronej qubernatoru Aleksandr Qusev isə bölgəsindəki hücumlar nəticəsində bir neçə evin zədələndiyini bildirib.