Azərbaycanda həbsdə olan erməni biznesmen və Qarabağdakı sabiq separatçı qurumun keçmiş “dövlət naziri” Ruben Vardanyan yenidən aclığa başlayıb. Bu barədə fevralın 19-da onun Facebook səhifəsində erməni, ingilis və rus dillərində yayımlanan bəyanatda qeyd olunub. Bəyanatı Vardanyan ailə üzvlərinə telefon zəngi ilə diqtə edib.
"Dünən [fevralın 18-də] mənə qarşı həyata keçirilən məhkəmə farsına qarşı aclıq aksiyası elan edərək etiraz etmək qərarına gəldim. Bu, Azərbaycan prosessual hüququnun və beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavabımdır. Məhkəmə zalında baş verənləri məhkəmə prosesi adlandırmaq olmaz - bu, siyasi bir tamaşadır və bu tamaşada mənim ədalətli dinlənilmək hüququm qəsdən nəzərə alınmır,” – deyə o, bildirib.
Vardanyan qanunsuzluq olduğunu iddia etdiyi halları bəyanatda altı punktda cəmləşdirib. Dediyinə görə, 422 cilddə olan və dövlət sirri kimi təsnif olunan ittiham aktı ilə tanış olmaq üçün ona cəmi 21 iş günü verilib. Həmçinin, ittiham aktının tərcüməsində kobud səhvlərin olduğunu və ona qarşı olan ittihamları başa düşməyin çətin olduğunu iddia edir. Vardanyan onu da qeyd edir ki, onun vəkilinin sənədləri müsadirə olunub, hüquqlarını qoruyan beynəlxalq qrupun ziyarətinə imkan verilməyib və bütün dinləmələr ictimaiyyətə qapalı keçirilib.
Vardanyan bəyanatının sonunda dünya liderlərinə, beynəlxalq təşkilatlara, hüquq müdafiəçilərinə və mətbuat mənsublarına müraciət edib: “Bu proses sizin diqqətinizi tələb edir. Ədalətin imitasiyası qanunsuzluğun, ədalətsizliyin təsdiqidir. Bu cür pozuntular qarşısında sükut gələcək faciələrə yol açır, düşmənçiliyi və yeni nifrət dalğasını alovlandırır. Bölgədə sülh və ədalət yalnız həqiqət, qanun və insanlıq yolu ilə təmin edilə bilər”.
Bakı Hərbi Məhkəməsi yanvarın 17-də Vardanyan və 15 Qarabağ ermənisinin ayrı-ayrılıqda məhkəmələrinə başlayıb. Təqsirləndirilən şəxslər arasında Qarabağdakı sabiq separatçı qurumun üç keçmiş prezidenti - Arayik Harutyunyan, Bako Saakyan və Arkadi Qukasyan da var. Vardanyan kimi, onlar da 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda hərbi əməliyyatı və erməni əhalinin köçündən sonra Ermənistana keçməyə çalışarkən Azərbaycan sərhədçiləri tərəfindən həbs olunublar. Onlar əsasən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə ittiham olunurlar.
Fevralın 17-də baş tutan son məhkəmə iclasında Vardanyan ona qarşı irəli sürülmüş ittihamlara etiraz əlaməti olaraq suallara cavab verməkdən imtina edib. Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin olunub.
Bu, Ruben Vardanyanın həbsdə ilk aclıq aksiyası deyil. O, ötən ilin aprelində də həbsinə etiraz olaraq 20 gün aclıq etmiş və yalnız həyat yoldaşı ilə telefon zənginə icazə veriləndən sonra aclığı bitirmişdi.