Bazar günü açıqlanan rəsmi nəticələrə əsasən, keçmiş mərkəzi bank idarəçisi olan Mark Karni səsvermədə qalib gələrək Kanadanın hakim Liberal partiyasının lideri seçilib və Castin Trudodan sonra baş nazir olacaq.
Karni Kanada uzun müddətdir müttəfiqi olan Birləşmiş Ştatlarla ticarət müharibəsi apardığı və ölkədə yaxında ümummilli seçki keçirilməli olduğu bir vaxtda ölkənin idarəsini ələ keçirir.
59 yaşlı Karni keçmiş maliyyə naziri Kristi Frilanda qalib gəlib. Friland 150 min partiya üzvünün iştirak etdiyi səsvermədə ikinci olub.
Trudo yanvar ayında, etimad reytinqinin aşağı düşməsi nəticəsində doqquz il hakimiyyətdən sonra istefa verəcəyini açıqlayıb ki, bu da hakim Liberal partiyanı onu əvəzləmək üçün tez bir zamanda səsvermə keçirməyə məcbur edib.
Siyasətdə yeni olan Karni iddia edib ki, o, partiyanı yenidən canlandırmaq və Kanadanın ixracdan asılı iqtisadiyyatına böyük zərər vura biləcək əlavə tariflər tətbiq etməklə hədələyən ABŞ prezidenti Donald Trampla ticarət danışıqları aparmaq üçün ən yaxşı namizəddir.
Karni dörd namizəd arasında ən çox partiya üzvünün dəstəyinə malik idi və ən çox ianə toplayaq, digərlərindən öndə gedirdi.
Bu ilk dəfədir ki, real siyasi keçmiş olmayan bir outsayder Kanadanın baş naziri olur. O deyib ki, onun Böyük Yeddilər qrupunun iki ölkəsinin – Kanada və İngiltərənin - mərkəzi banklarını idarə edən ilk insan kimi təcrübəsi onu Trampla danışıqlar aparmaq üçün ən yaxşı namizəd edir.
Karni seçki kampaniyası zamanı Birləşmiş Ştatlara qarşılıqlı cavab tarifləri tətbiq etməyi və sərmayəni artırmaq üçün koordinasiyalı strategiyanı dəstəklədiyini bildirib. O, dəfələrlə şikayət edib ki, Trudonun hakimiyyəti altında Kanadanın iqtisadi artımı kifayət qədər yaxşı olmayıb.
Karninin idarəsi altında Liberal Partiyası üçün yeni başlanğıc ehtimalı, habelə Trampın tarifləri və Kanadanı ABŞ-ın 51-ci ştatı kimi ilhaq etməsinə dair təkrarlanan istehzaları Liberal partiyasının aqibətinin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb olub.