İran azərbaycanlıları informasiya qıtlığından əziyyət çəkir

Bəzz qalasına baş tutmamış yürüş cəhdindən sonra başlanan repressiya dalğası ilə bağlı dünya hüquq müdafiəçilərinin gözü İrana dikildiyi bir vaxt İranda yaşayan azərbaycanlılar informasiya qıtlığından əziyyət çəkirlər.

Söz və mətbuat azadlığı da daxil olmaqla insan hüquqlarını sistemli çəkildə pozmaqda günahlandırılan İran hökuməti azərbaycan dilində, eləcə də Azərbaycanlılar barədə farsca dərc olunan qəzetləri bağlayır. Təbrizdə yaşayan azərbaycanlı jurnalist, bağlanmış Yarpaq qəzetinin redaktoru Səid Muğanlı söz azadlığı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu deyir.

Azərbaycan Müdafiə Komitəsinin sədri Səid Nəimi isə azərbaycanca dərc olunan qəzetlərin bağlanmasında subyektiv amillərlə yanaşı obyektiv amillərin də durduğunu deyir. Onun fikrincə, azərbaycan dilində oxumağı bacaran adamların da sayı olduqca azdır. Lakin, Nəimi deyir ki, ilk baxışdan obyektiv görünən bu faktorun arxasında da İran hökumətinin azərbaycan dilinin tədrisinə qoyduğu qadağalar durur.

Həm Səid Muğanlı, həm də Səid Nəimi azərbaycanlıların istər azərbaycan türkcəsində, istər farsca obyektiv xəbərlərə ehtiyacı var. Belə xəbərlərin şimaldan - Azərbaycan Respublikasından gəldiyini qeyd edən Nəimi, bu istiqamətdə Bakıdakı özəl telekanalların rolunu xüsusi qeyd etdi. Səid Muğanlının fikrincə, bu vəziyyətdə onların yeganə ümidi xaricdən yayımlanan informasiyadır.

Xatırladaq ki, son bəyanatlarından birində ABŞ prezidenti Corc Buş İranda yaşayan xalqların demokratiyaya ehtiyacı olduğunu deyib və bu il Birləşmiş Ştatların İran xalqının azadlığını və dünyaya açıq olmasını təşviq etmək üçün 75 milyon dollar vəsait ayıracağını bildirib. Prezidentin sözlərinə görə, Bu vəsait İran xalqı üçün yayım həyata keçirəcək radio və televiziya proqramlarını inkişaf etdirmək və genişləndirmək imkanı verəcək.

Səid Nəimi bu istiqamətdə görüləcək işlərdən biri kimi məhz İranda yaşayan azərbaycanlılara ünvanlanmış yayımın təşkilini önəmli sayır.

Hal-hazırda İranda yaşayan azərbaycanlıların yeganə və qismən azad olan informasiya mənbəyi internetdir. Halbuki Opennet initiative - Açıq şəbəkə təşəbbüsü təşkilatının hesabatında təkcə 2005-ci ilin dekabr ayında İranda 623 web səhifəyə qadağa qoyulduğu bildirilir.