ABŞ prezidenti Corc Buş İraqa əlavə qüvvə göndərilməsinə hələ qərar vermədiyini bildirib. İlin yekunlarına dair mətbuat konfransı təşkil edən Corc Buş deyib ki, hazırda o, bütün imkanları nəzərdən keçirir. Prezident İraqa əlavə qüvvələrin yalnız xüsisi missiya tələb edildiyi təqdirdə göndərilə biləcəyini deyib. Prezident 2006-cı ilin Amerika qüvvələri və iraqlılar üçün ağır il olduğunu etiraf edib. Corc Buş deyib ki, İraqın düşmənləri Amerika qüvvələrini qorxuda bilməyəcək və ABŞ qüvvələrini İraqdan vaxtından əvvəl çıxarmayacaq. Amerika Birləşmiş Ştatlarının prezidenti Amerikanın hərbi və dəniz qüvvələrinin tərkibinin genişləndirilməsi ilə bağlı İraqda səfərdə olan Robert Geytsin ona məlumat verəcəyini bildirib. İqtisadi məsələlərə gəldikdə isə prezident demokratların minimum əmək haqqının artırılması təklifini dəstəklədiyini deyib. O bildirib ki, bu, kiçik bizneslərin qaydaları və vergilərlə əlaqələndirilməlidir. ABŞ prezidenti iqtisadiyyatın güclü saxlanması üçün demokratlarla iş aparacağını deyib. O, mühacirət qanunları, sosial təminat və pensiya sistemində islahatlarla bağlı demokratlarla ortaq zəmin əldə etməyə çalışacağını bildirib.