<<Amnesty International>> yayımladığı hesabatda Azərbaycanda fikir və söz azadlığının geniş şəkildə pozulduğuna, jurnalistlərin təzyiqlərə və zorakılıqlara məruz qaldıqlarına medya mənsublarının siyasi səbəblərə görə həbs olunduqlarına işarə edilir.
Hesabatda söz azadlığına zəmanət sahəsində Azərbaycan hökumətinin beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi, keçən iki il ərzində vətəndaş cəmiyyəti mənsubları xüsusiylə jurnalistlərin söz azadlıqlarının ardıçıl olaraq pozulması qeyd olunur. Hesabatda deyilir ki, görünür 2003- cü 2004-cü illərdə Gürcüstan və Ukraynada rejim dəyişikliyində məlumatların azad yayılmasının mühüm rol oynamasına rəaksiya olaraq Azərbaycanda müxalifət və azad jurnalistlərə qarşı təzyiqlər artıb. Hesabatda deyilir ki, təşkilat jurnalistlərin təhlükəsizlik işçiləri tərəfindən, fiziki zorakılıq da daxil, təzyiqlərə məruz qalmaları barədə çoxlu şikayətlər alıb ki, belə hadisələr seçkiqabağı kampaniya kimi həssas zamanlarda daha da artır.
Təşkilat jurnalistlərə qarşı naməlum şəxslər tərəfindən həyata keçirilən və bəzi hallarda həyatı təhlükə təşkil edən yaralama halları və ölümlə nəticələnən hücumlara da diqqəti cəlb edir və bildirir ki, belə hücumlar söz azadlığına böyük zərbədir və çoxlu hallarda belə hücumları həyata keçirilənlərin şəxsiyyətlərinin müəyyən edilməmiş olması jurnalistlərə qarşı təzyiq və zorakılıqların daha da artmasıyla nəticələnə bilər.
<<Amnesty International>>ın hesabatında Azərbaycanda siyasi səbəblərə görə həbsə almaların sayının da artdığı qeyd olunur, tanınmış jurnalist Mirzə Sakitin ədalətsiz keçirilən mühakimə prosesi nəticəsində narkotik maddə daşımaq kimi şübhəli ittihamla məhkum olması xatırladılır. Hesabatda deyilir ki, vəzifəli şəxslər təngidi səsləri susdurmaq və yanlış qərarların üstünün açılmasının qarşısını almaq üçün şərəf və layaqətin təhqiri ittihamıyla məhkəməyə müraciət edir ki, belə şikayətlərin qurbanları çox vaxt müxalifətə yaxın və müstəqil medyanın mənsubları olur, bu isə belə şikayətlərin siyasi mahiyyətindən xəbər verir.
Hesabatda deyilir ki, alınan məlumatlara görə rəsmi dairələr tənzimləyici qaydalar və lisenziya verilməsi səlahiyyətlərindən medyanın, peşəkar fəaliyyətini yerinə yetirməsinə obyektivliyi və müstəqilliyinə mənə olmaq üçün bir vasitə kimi istifadə edir. Təşkilatın hesabatında qeyd edilir ki, bu hadisələr fikir və ifadə azadlığının Azərbaycan konstitusiyasında yer almasına baxmayaraq baş verib.
Təşkilat hüquq mühafizə orqanları mənsublarının xüsusiylə jurnalistlərə qarşı iddia olunan təzyiqləri və zorakılıqlarının araşdırılması və məsuliyyət daşıyanların ədalət məhkəməsi qarşısına çıxardılmasına, söz və mətbuat azadlığının verdiyi hüquqlara əsaslanaraq göstərdikləri fəaliyyətlərə görə jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunmalarına son qoyulmasına, mühakimə proseslərinin beynəlxalq standardlara uyğun keçirilməsinə çağırıb.