MAQATE nümayəndələri İrandadır

İran mətbuatı bildirir ki, BMT-nin nüvə ekspertləri rəsmi Tehranın nüvə fəaliyyətlərilə bağlı danışıqlar aparmaq məqsədilə İrandadır. Ölkənin dövlət nəzarətində olan xəbər agentliyi Beynəlxalq Atom Enerjisi üzrə Agentlik – MAQATE-nin nümayəndələrinin Tehrana bu gün çatdığını və İran rəsmilərilə danışıqlara sabah başlayacağını bildirib. MAQATE ekspertləri BMT müfəttişlərinin Tehran Texniki Universitetində tapdıqları uran izləri ilə bağlı sorğu aparacaqlar. İran və BMT nüvə agentliyi avqustda rəsmi Tehranın nüvə fəaliyyətlərilə bağlı meydana çıxan suallara cavab verməsi üçün cədvəl üzərində razılığa gəlmişdilər. Bu səfər ABŞ kəşfiyyatının İranın nüvə silahı proqramını 2003-cü ildə dayandırdığını bildirən hesabatdan bir neçə gün sonraya təsadüf edir.