Politoloqlar: "Gürcüstanda baş verənlər təcavüzdür"

Beynəlxalq ekspertlər Rusiyanın Gürcüstandakı hərbi əməliyyatlarının təcavüz olduğu fikrində yekdildirlər.
Bu barədə Vaşinqtondakı Brukinqs mərkəzində keçirilən konfransda vurğulanıb.
Brukinqs mərkəzinin direktoru Stroub Talbot deyir ki, bu təcavüzdən sonra bölgədə yeni suallar ortaya çıxıb. Bu suallar sabitlik, enerji təhlükəsizliyi və bu kimi məsələlərlə əlaqədardır.
Politoloq Talbot Gürcüstanın Sovet Rusiyası tərəfindən işğalı ilə indiki hadisələr arasında paralellər apararaq bu qənaətə gəlir ki, demokratik dünyanın ləngiməsi və tərəddüdlər keçirməsi daha geniş təhdid və təhlükələrə yol açar.
"Karnegie" Beynəlxalq Sülh Fondundan Rusiya və Avrasiya proqramlarının direktoru Marta Olkot isə deyir ki, indi Qərb Azərbaycan kimi ölkələrə, o cümlədən Mərkəzi Asiyaya da diqqətini artırmalıdır.
Konfransda daha sonra dinləyicilər politoloqlara Rusiyanın Amerikanın tələblərinə məhəl qoymayacağı təqdirdə rəsmi Vaşinqtonun hansı addımları ata biləcəyini sual ediblər.
Nüfuzlu politoloqlar ABŞ-ın Gürcüstana yardımlar ayırmasını vacib sayıblar.
Politoloqlar təklif edirlər ki, Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyü məsələsinə yenidən qayıdılsın. Onların fikrincə, Amerika ilə Avropa bu məsələdə müzakirələrə başlamalı, Rusiyadan çəkinməyərək bu dövlətlərin NATO-ya daxil olmalarına imkan verilməlidir. Onlar deyir ki, habelə Polşa və Çexiyada raket əleyhinə müdafiə sistemlərinin tezliklə quraşdırılmasına nail olunmalıdır.
Ən nəhayət, ekspertlər müharibə qurtaran kimi ABŞ-ı Gürcüstanda əsaslı bərpa işlərini maliyyələşdirməyə çağırırlar.