BMT İnsan haqları Ali Komissiyası İranı tənqid edib

BMT İnsan haqları idarəsi bildirir ki, Rza Hecazinin avqustun 19-da, Behman Zaarenin isə bir həftə sonra avqust 26-da edam edilməsi ehtimal olunur. Məlumata görə, onlar həbs olunan zaman 15 və 16 yaşlarında idilər. Human Rights VVatch deyir ki, həm Hecazi həm də Zaare ölüm hökmünə bir neçə il əvvəl məhkum olunublar. Hökm icra olunan zaman isə Zaare 19, Hecazi isə 20 yaşında olub.

BMT-nin insan haqları sözçüsü Rupert Kolvil deyir ki, bu hökmlərin icrası yeniyetmələrin ölüm hökmünə məhkum olunmasını qadağan edən Beynəlxalq qanunları aydın şəkildə pozur:"İran Mülki vətəndaşlar və siyasi hüquqlar üzrə Beynəlxalq Konvensiya, Uşaq haqları barədə konvensiyanı ratifikasiya edən zaman yeniyetmələri ölüm hökmünə məhkum etməmək haqda öhdəlik götürüb. Bu konvensiyalara əsasən 18 yaşından aşağı uşaqlar öldürülə bilməz."

Kolvil deyir ki, İran dünyada yeniyetmələri ölüm hökmünə məhkum edən azsaylı ölkələrdən biridir. Onun sözlərinə görə, bir çox ölkələr ya gənclərin ölüm hökmünü ləğv edib ya da bu praktikaya maratorium qoyub. Sözçü bildirir ki, BMT insan haqları rəsmiləri narahatdırlar ki, İran hökuməti digər iki nəfəri də eyni yolla cəzalandıra bilər.

Cənab Kolvilin sözlərinə görə, onun idarəsi İranı beynəlxalq insan haqları öhdəliklərinə riayət etməyə və mühakimələri dayandırmağa çağırıb. O bildirib ki, İran habelə gələcəkdə də bu kimi əməllərindən əl çəkməlidir:"İdarəmiz habelə ümumilikdə İranda son zamanlar ölüm hökmünə məhkum olanların sayının artmasından narahatdır. Misal üçün iyulun 27-də 29 nəfərin ölüm hökmü icra olunub. Bir ay sonra avqustun 28-də isə bir qadın da daxil olmaqla 5 nəfər eyni cəzaya məhkum olunub. Bu il 6-sı yeniyetmə olmaqla 220-dən çox insanın ölüm hökmünə məhkum olunduğu ehtimal edilir."

Kolvilin sözlərinə görə, İran yeniyetmələri ölüm hökmü ilə qatilliyə, zorlamaya və narkotik trafikinqinə görə cəzalandırılır. O bildirib ki, dünya ölkələrində ölüm hökmünün ləğvi tendensiyası mövcud olduğu bir vaxt, İranda hökmlərin sayını çoxaldır.

"Human Rights Watch"-un hesabata görə, bu onillikdə İrandan başqa ABŞ, Çin, Konqo və Pakistan da yeniyetmələri ölüm hökmünə məhkum edib. 2005-ci ildə ABŞ Ali Məhkəməsi yeniyetmələrin edamını ləğv edib.