Azərbaycanda xarici radiolara daha bir məhdudiyyət

Azərbaycanın rabitə rəsmiləri xarici radioların ölkə ərazisində qısa dalğada yayımlanması üçün müqavilə imzalamağa çağırırlar. Bir qədər əvvəl Azərbaycanda verilişlərini FM tezliyində yaymaqdan məhrum edilmiş Amerikanın səsi, Azadlıq və BBC radioları hazırda öz proqramlarını qısa dalğalarda davam etdirirlər.

Azərbaycan əhalisini ölkədə və dünyada baş verən proseslər barədə onların öz dilində məlumatlandıran bu hələ Sovet vaxtlarında da hökumətin razılığı olmadan qısa dalğalarda yayımlanıblar. İndi isə Azərbaycanın rabitə rəsmiləri bildirirlər ki, qısa dalğada da yayım üçün xüsusi icazə alınması zəruridir.

Rabitə Nazirliyinin Teleradio İstehsalat Birliyi bəyan edir ki, bu işlə əlaqərdar müqavilənini imzalanması üçün xarici radiolar Teleradio Şurası və Dövlət Teleradio Tezlikləri İdarəsindən lisenziya almalıdırlar.

Birliyin sədri Əflatun Şərifov “Amerikanın səsi”nə bunları deyib: “Mütləq icazə almaq lazımdır. Bu, bütün dünya təcrübəsində nəzərdə tutulan bir şeydir ki, hər hansı bir dalğada yayımlanmaq üçün mütləq müəyyən strukturlardan icazə alınması vacibdir. Bu, hər yerdə belədir. Əgər kimsə Amerikada tezlik alıbsa, o demək deyil ki, digər dövlətin təmsilçisi Azərbaycanda həmin tezlikdə yayım təşkil edə bilər. Elə şey yoxdur…”

Rabitə Nazirliyinin rəsmisi deyir ki, orta və yaxud qısa olmasından asılı olmayaraq, ölkə ərazisində yayımlanan bütün tezliklər Azərbaycanın milli sərvətidir və ondan istifadə üçün qarşılıqlı razılaşma olmalıdır.

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli isə bildirir ki, istənilən halda, dünyanın heç yerində qısa dalğada proqram yaymaq üçün, xüsusi bir müqavilənin imzalanmasına ehtiyac yoxdur:

“Ümumiyyətlə, tezlik resursu milli resurs deyil. Bütünlükdə, tezlik fəzada olan geniş bir aspektdir və bu, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən tənzimlənir. Dünyada 3 zona müəyyən olunub, Azərbaycan birinci zonada yerləşir və bu zona üzrə çox az tezlik ölkə üçün verilir, qalanından ümumi istifadə olunur. Əgər qısa dalğalarda bir yayımçı varsa və özünə lisenziya alıbsa, üstəlik də Azərbaycandan yox, ayrı yerdən yayılırsa, artıq onun Azərbaycanla heç bir hüquqi bağlılığı yoxdur və onlar üçün lisenziya tələb oluna bilməz”.

Öz növbəsində, Rabitə Nazirliyinin rəsmisi deyilənlərlə razılaşmır: “Yox, elə deyil. Adətən bir-birindən müəyyən məsafədə yerləşən dövlətlər uzağa yayılan dalğaları alanda mütləq bu tezlikləri koordinasiya edirlər ki, digər dövlətə həmən tezlikdə işləməyə mane olmasınlar. Ona görə də hər dövlətin özünün tezlik resursu var. Bütün növ dalğalarda. Və bu resurslar qonşu dövlətlərdə yayımlananda, yaxud da arada hansısa dövlət olduqda mütləq onlarla da razılaşdırılmalıdır”.

Bütün hallarda, müstəqil və beynəlxalq ekspertlər isə Azərbaycan rəsmilərinin xarici radioların FM yayımının dayandırılması da daxil olmaqla, onlara qarşı irəli sürdüyü bütün digər qadağaların texniki deyil, siyasi xarakter daşıdığını bildirirlər.