ABŞ Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə yardımçısı Filip Qordon dövlət katibi Hillari Klintonun Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər naziriləri ilə görüşü barədə brifinq keçirib. Brifinqdə Hillari Klintonun Elmar Məmmədyarovla görüşü haqda məlumat verən cənab Qordon söyləyib ki, xanım Klinton Dağlıq Qarabağ sülh danışıqlarının Amerika üçün əhəmiyyətini vurğulayıb. Cənab Qordonun sözlərinə görə görüşdə Amerikanın təcrübəli diplomatı səfir Robert Bradtkenin də iştirak etməsi Birləşmiş Ştatların bu prosesə nə dərəcədə önəm verməsini nümayiş etdirir.
Görüş əsnasında Hillari Klinton
Azərbaycanda insan hüquqları və demokratiya məsələlərini, o cümlədən bu
yaxınlarda döyüldükdən sonra həbs edilmiş bloggerlərin məsələsini
qaldırmışdır. ABŞ dövlət katibi ölkəsinin bloggerlərin məhkəmə işinə
maraq göstərdiyini, açıq və ədalətli prosesdə maraqlı olduğunu dilə
gətirib.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla
görüşdən sonra junalistlərlə söhbət edən Hillari Klinton Ermənistanla
Türkiyə arasında münasibətlərin normallaşdırılması yönümündə göstərilən
səyləri alqışlayılb. O, danışıqların əvvəlcədən şərt irəli sürülmədən
və müəyyən vaxt çərçivəsində aparılmasının vacibliyini önə çəkib. Xanm
Klinton Ermənistanın dövlət rəsmiləri ilə yaxından işləyəcəyini
vurğulayaraq, ABŞ-ın Ermənistanın demokratik inkişafına və iqtisadi
rifahına yardımçı olacağını qeyd edib.
Hillari Klintonun
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşündə daha çox
diqqət ABŞ-Türkiyə münasibətlərinə ayrılıb. Nazirlər
Türkiyə-Ermənistan təmaslarına toxunmuş və dövlət katibi münasibətlərin
normallaşmasına dəstək izhar etmişdir. Klinton və Davudoğlu eləcə də
Kipr, enerji təhlükəsizliyi, Əfqanıstan-Pakistan, Yaxın Şərq sülh
prosesi və başqa məsələlər üzərində fikir mübadiləsi aparıblar.