Kərbəlada azərbaycanlı zəvvarlar atəşə tutulub

Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən şiə zəvvarların avtobusu naməlum şəxslər tərəfindən atəşə tutulub.
Turan Agentliyinin məlumatına görə, hadisə yanvarın 28-də səhər saatlarında baş verib. Avtobus karvanının qarşısını kəsən taksidən düşən şəxslər avtobuslara atəş açmağa başlayıb. Bu atəş nəticəsində Bakının Maştağa kəndindən olan 14 yaşlı qız həlak olub, kənd sakini olan daha bir qadın və bir kişi yaralanıb.
Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) Azərbaycan vətəndaşlarını İraqdakı müqəddəs yerlərə səfər etməməyə çağırır.
QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Media forum” saytına deyib ki, təmsil etdiyi qurum əvvəllər Kərbəlada yerləşən müqəddəs yerlərə zəvvar səfərləri təşkil edib. Lakin İraq müharibəsindən sonra bu səfərlər dayandırıb. “Çünki orada təhlükəsizliklə baрlı ciddi problemlər yaranıb. Biz İraqın nazirlikləri ilə əlaqə saxladıq və onlardan rəsmi formada zəvvarlarımızın təhlükəsizliyinə təminat verib-vermədiklərini soruşduq. İraqın nazirlikləri bizə təminat verə bilmədilər. Qafqaz Müsəlmanları İdarəsi vətəndaşlarımızın həyatını təhlükəyə ata bilməz. Ona görə də neçə ildir ki, İraqa zəvvar səfərləri təşkil etmirik”.
R.Dadaşovanın sözlərinə görə, onların idarəsinə müraciət edən zəvvarlara da eyni cavabı verirlər. Lakin müxtəlif şirkətlər Kərbəlaya zəvvar ziyarətləri təşkil edir: “Eyni zamanda, öz təşəbbüsü ilə gedənlər var. Qafqaz Müsəlmanları İdarəsi onların təhlükəsizliyinə təminat vermir və bu səfərlərin məsuliyyətini daşımır. Hər gün ordan faciəli xəbərlər gəlir. İnsanlar belə səfərə getməmişdən əvvəl yaxşı fikirləşməlidirlər”.