Pakistanda saxlanılan amerikalı şübhəlilər işgəncələrə məruz qaldıqlarını bildirir

Pakistanda nəzarət altına alınan amerikalı 5 terror şübhəlisi günahsız olduqlarını və məhbəsdə ABŞ təhqiqatçıları və Pakistan polisi tərəfindən işgəncələrə məruz qaldıqlarını bildiriblər. Polis maşınında Sarqodha şəhərindəki məhkəməyə gətirilən 5 şübhəli jurnalistlərə kağız parçası atıb. Şübhəlilər kağızda yazıblar ki, ABŞ Federal Təhqiqatlar Bürosu və Pakistan polisi onlara işgəncə veriblər. Kağızda habelə deyilir ki, polis şübhəliləri ailələrindən və mətbuatdan uzaq saxlayır. İddiaları rədd edən ABŞ səfirliyinin sözçüsü Riçard Snelsayr onları əsassız adlandırıb. Pakistan polisi də işgəncə ittihamlarını rədd edib.