«Azadlıq» blokunun etiraz aksiyası dağıdılıb

Müxalifətdə olan "Azadlıq" siyasi blokunun bir qrup fəalı əsas neft məhsularının və kommunal xidmətlərin qiymətlərinin kəskin artırılmasına etiraz olaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qarşısında piket keçirməyə cəhd edib. Cəhdin qarşısı polis tərəfindən alınıb. AXCP fəalı Fuad Qəhrəmanı jurnalistlərlə söhbətində aksiyanın baş tutduğunu və ictimai diqqəti hökumətin səhv siyasətinə yönəldə bildiklərini deyib. Elə bu zaman cənab Qəhrəmanlı polis tərəfindən saxlanıb və ona jurnalistlərlə söhbətini sona çatdırmağa imkan verilməyib. Bakı şəhər Baş Polis idarəsinin ictimai təhlükəsizlik idarəsinin rəisi Şamil Seyidli aksiya zamanı xəsarət alanların olmadığını bildirib. Onun sözlərinə görə, polis icazəsiz piketə cəhdin qarşısını qətiyyətlə alıb, on beşədək adam saxlanıb. AXCP sədri Əli Kərimli isə «Amerikanın səsi» radiosuna aksiya iştirakçılarından 14 nəfərin saxlandığını, 29 nəfərin xəsarət aldığını bildirib. Aksiyanı ABŞ, Böyük Britaniya səfirliklərinin və ATƏT-in Bakı ofisinin nümayəndələri də müşahidə edib.