BMT üzv dövlətlərə Ermənistan-Azərbaycan münaqişəsinin həllində səylərini artırmaq üçün müraciət edəcək

BMT Baş katibinin məcburi köçkünlərin hüquqları üzrə nümayəndəsi Valter Kalin Azərbaycana dördgünlük səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Cənab Kalin Azərbaycan prezident İlham Əliyev və ölkənin digər yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirib, Bakı, Sumqayıt şəhərlərində, Biləsuvar, İmişli və Sabirabad rayonlarında qaçqınların vəziyyəti ilə tanış olub. O Azərbaycan hökumətinin məcburi köçkünlərin problemlərinin həllində göstərdiyi səylər və nailiyyətiləri valehedici adlandırıb. «Azərbaycan dünyada mövcud olan məcburi köçürülmə hallarının ən ciddilərinin birindən əzab çəkir. Bununla yanaşı, köçkün düşmüş əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlər görülüb. Köçkünlərin siyasi, mülki, sosial və iqtisadi hüquqlarının qorunmasında real irəliləyiş əldə olunub». Cənab Kalinin sözlərinə görə, köçkünlərin əsas istəyi münaqişənin vaxtında, dinc yolla həllinə nail olunması və onların öz evlərinə qaytarılmasından ibarətdir. «Mən Azərbaycan hökumətini və beynəlxalq icmanı bu məqsədə nail olmaq üçün səylərini davam etdirməyə çağırıram. Azərbaycan hökumətinin torpaqlarına qayıtmaq istəyən köçkünlərin son nəticədə geri dönməsi və hazırki köçkünlük vəziyyətində yaşayış şəraitinin təxirəsalınmadan yaxşılaşdırılmasının qarşılıqlı zidiyyət təşkil etməməsinə əsaslanan mövqeyinə şərikəm. Azərbaycan hökumətinin qalan çadır düşərgələrinin bu ilin sonunadək bağlanması planını da dəstəkləyirəm». Nümayəndə həmçinin hökumətin bu istiqamətdə səylərini davam etdirəcəyinə ümid edir. «On minlərlə Azərbaycan köçkünü hələ də yarı dağılmış, həddən artıq darısqal, sanitariya baxımından tələblərə cavab verməyən kollektiv sığınacaqlarda yaşayır». Cənab Kalin eyni zamanda köçkünlərin məşğulluğunun təmin edilməsini də vacib sayır. «Köçkünlərin yaşadığı yerlərdə ölkənin digər hissəsi ilə müqaisədə iş tapmaq daha çətindir. Dövlət orqanlarını köçkünlərin iqtisadi cəhətdən özünə arxalanmasını təmin edən proqramları gücləndirməyə, onların yenidən cəmiyyətin fəal üzvlərinə çevrilməsinə real imkan verməyə çağırıram. İllər boyu kənardan edilən köməkdən asılı olan insanlar öz torpaqlarına qayıtdıqda çətin ki, şəhər və kəndlərini yenidən qurmaq üçün tələb olunan şərtlərli tətbiq edi bilsin. Bu sahədə Milli Siyasət BMT-nin Məcburi Köçkünlük üzrə Prinsiplərinə uyğun olaraq məcburi köçkünlərin özləri ilə məsləhətləşmələr əsasında hazırlanmalıdır». Nümayəndə «Amerikanın səsi» radiosunun məcburi köçkünlərin doğma yurlarına qaytaralması əks olunmuş BMT-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dörd qətnaməsi haqqında sualının cavabında köçkünlərin qayıtması məsələsinin baş katibə hesabatında mühüm yer alacağını vurğulayıb. «Biz üzv dövlətlərə müraciət edəcəyik ki, münaqişənin həllinin sürətləndirilməsində səylərini intensivləşdirsinlər və gücləndirsinlər»-deyə o qeyd edib.