Bakı Dövlət Universitetinin müəllimi, tarix elmləri namizədi Natiq Məmmədli Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan-İran münasibətləri ilə bağlı "Amerikanın səsi" radiosuna müsahibə verib.
Sual: Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan-İran münasibətləri necə olub?
Cavab: Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi dövrdə birinci dünya müharibəsi davam edirdi. Müharibənin siyasi, hərbi və sosial təsirləri həm Qafqazda, həm də İranda özünü göstərməkdə idi. Türkiyə və Rusiya Qafqazda möhkəmlənmək üçün çalışırdı və bu da iki dövlət arasında hərbi qarşıdurmaya səbəb olmuşdu. Eyni zamanda, ingilislər Xəzər neftinə görə Bakıda möhkəmlənməyə çalışırdı. İran ərazisində də Antanta blokunun aparıcı üzvü olan İngiltərə möhkəmlənirdi. Belə, böyük dövlətlərin rəqabəti müstəvisində, ağır tarixi şəraitdə Azərbaycan müstəqilliyini elan etdi.
Azərbaycanın müstəqilliyini elan etməsi isə İran tərəfindən mənfi qarşılandı. İranın mövqeyinə görə, Azərbaycan İranın tarixi ərazisidir. Eyni zamanda, müstəqil Azərbaycan Respublikasının yaranması İran üçün siyasi cəhətdən məqbul deyildi. Hətta Versal sülh konfransında da İran Azərbaycan diplomatlarına həqarətlə yanaşıb.
Sual: Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətində İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi baxımından münasibət necə olub və ya İrandakı azərbaycanlılar İranın Azərbaycanla bağlı siyasətinə təsir ediblərmi?
Cavab: İranda yaşayan azərbaycanlılar daim Arazdan şimalda yaşayan azərbaycanlıların diqqət mərkəzində olub. Bakı İrandakı siyasi proseslərə təsir edib. Xüsusən Bakı milyonçuları və maarifçiləri məşrutə hərəkatında çox yaxından iştirak edib. Məmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir hətta gedib, Tehranda fəaliyyət göstərib və İran Demokrat partiyasının görkəmli nümayəndələrinə çevrilib. Eyni zamanda, Azərbaycan milyonçuları daim İranda məşrutə inqilabına yaxından dəstək göstərib. Buna görə, hətta İran şahı Rusiya çarına Zeynalabdin Tağıyevin və digər Bakı milyonçularının İranın daxili işlərinə qarışması ilə bağlı şikayət edib.
Buna baxmayaraq, Xalq Cümhuriyyəti dövründə vəziyyət fərqli olub. Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azadistan Respublikası və Şimali Azərbaycanda isə Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdi. Bu respublikaların arasındakı münasibətlər müəyyən mənada gərgin idi. Gərginlik isə, ondan yaranmışdı ki, Xiyabani ilə Xalq Cümhuriyyətinin yaradıcıları arasında fikir ayrılığı var idi. Yəni onlar vahid platformadan çıxış etmirdilər. Ancaq bu o demək deyil ki, Cümhuriyyət dövründə İrana biganə qalıblar. Əslində İranda yaşayan azərbaycanlılar daim Cümhuriyyət rəhbərlərinin diqqətində olub. Şimali Azərbaycan da Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların diqqətində olub. 1918-ci ilin mart qırğınları zamanı cənublu soydaşlarımız şimalın köməyinə gəlib, Təbrizdə etiraz aksiyaları keçirilib, cənubdakı proseslər də bir qayda olaraq şimalda müdafiə edilib.
Həm də həmin dövrdə Cənubi Azərbaycandan çoxsaylı miqrantlar Bakıya gəlmişdi və onlar əlaqələrin dinamikliyində fəal rol oynayırdı.
Sual: Azərbaycan Xalq Cümhuriyyətinin İranla bağlı xarici siyasətinin fəlsəfəsi necə idi? Bu fəlsəfəyə oradakı azərbaycanlıların sosial, siyasi və mədəniyyətinin gücləndirilməsi daxil idimi?
Cavab: Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərib. Bu dövr ərzində Cümhuriyyətin xarici siyasətinin əsas mahiyyətini Azərbaycanın dünyada tanıdılması təşkil edib. 1920-ci il yanvarın 12-də bu siyasət nəticəsində Atlanta İttifaqına daxil olan dövlətlər Azərbaycanın müstəqilliyini de-fakto tanıyıb. Bu çox böyük diplomatik uğur idi. Çünki, həmin dövrdə Rusiyanın təcavüzü artırdı, Denikinin orduları Dağıstanda möhkəmlənmişdi. Yalnız Azərbaycan Gürcüstanla hərbi İttifaq yaradıb bir-birini müdafiə edirdi. Ermənistan Qarabağ və Zəngəzurda Azərbaycan üçün problemə çevrilmişdi.
Cümhuriyyət o qədər qısa müddət yaşadı və bu dövr o qədər ağır tarixi sınaqlar dövrü idi ki, onun xarici siyasət kursunda Cənubi Azərbaycana xüsusi yer ayırdığını deyə bilmərik. Həmçinin 23 ayda hökumətdə 6 kabinet dəyişib və hər kabinetdə xarici siyasət kursuna fərqli fikirli nazirlər rəhbərlik edib.