Azərbaycan Təhsil Nazirliyi və ABŞ səfirliyi Fulbrayt Tələbə Qəbulu Proqramı üçün müsabiqə elan edib

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq ABŞ ali məktəblərinin magistraturasında təhsil almaq məqsədilə Azərbaycan Təhsil Nazirliyi və ABŞ-ın Azərbaycandakı səfirliyi Fulbrayt Tələbə Qəbulu Proqramı üçün ilk müsabiqə elan edib.
Müsabiqənin elan edilməsi ilə bağlı keçirilən brifinqdə təhsil naziri Misir Mərdanov bildirib ki, bu il Azərbaycan və ABŞ hökumətləri arasında imzalanmış sazişdə azərbaycanlı tələbələrin ABŞ universitetlərində təhsil almasının dəstəklənməsi qeyd olunur. 2009/2010-cu tədris ilində Fulbrayt proqramı çərçivəsində 15 azərbaycanlı magistrin ABŞ-da təhsil alması gözlənilir. Magistrların 3-nün təhsilini ABŞ tərəfi maliyyələşdirəcək.

ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders bildirib ki, nüfuzlu Fulbrayt Proqramı çərçivəsində gənc azərbaycanlılara Amerikada magistr dərəcəsini əldə etmək üçün Azərbaycan hökumətinin maliyyə dəstəyi vermək qərarı iki dövlət arasında münasibətləri əsaslı şəkildə gücləndirəcək. Səfir birinci ildə ABŞ-a göndəriləck 15 nəfərin sayının növbəti illərdə artırılacağına ümid edir.
Onun sözlərinə görə, 1993-cü ildən başlayaraq ABŞ hökuməti azərbaycanlıların ABŞ-a, amerikalıların isə Azərbaycana səfərlərini təşkil edib.

Xatırladaq ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq, 2015-ci ilədək 5000 azərbaycanlı gənc dövlət vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsil alacaq. Proqrama görə, ötən il 100 nəfər gönrərilib, bu il isə 200 nəfərgöndəriləcək.