Azərbaycanda Hədəf koalisiyasının sədri həbs edilib

Azərbaycan məhkəməsi bu gün daha bir gənc fəal barəsində bir ay müddətində həbs qəti imkan tədbiri seçib. Bu “Hədəf” gənclər koalisiyasının rəhbəri Ağasif Şakiroğludur. O Cinayət Məcəlləsinin hərbi xidmətdən yayınma maddəsi ilə ittiham olunur.
Cənab Şakiroğlu hərbi xidmətdən yayınma ittihamını əsassız adlandırıb. “Bildirdilər ki, barəmdə axtarış elan edilib. Mən həmişə açıq ictimai-siyasi fəaliyyətlə məşğul olmuşam. İctimai tədbirlərdə iştirak etmişəm və heç kimdən gizlənməmişəm”, - deyə Şakiroğlu həbsindən öncə Turan Agentliyinə bildirib.
Şakiroğlu bildirib ki, iyulun 7-də, 15-də və 20-də hərbi xidmət məsələsi ilə bağlı hərbi komissarlıqda olub.
Gənc fəal həbsinin siyasi xarakter daşıdığını deyib. ”Məni www.mia.az saytında Azərbaycan Müdafiə Nazirliyinin ünvanına tənqidi fikirlərimə görə təqib ediblər”,- deyə qeyd edib.
“Hədəf” gənclər koalisiyası 2008-ci ilin iyununda gənclərin hüquqlarının müdafiəsi və ölkənin ictimai-siyasi həyatında onların rolunun artırılması məqsədilə yaradılıb.
Xatırladaq ki, bu son ayda Azərbaycanda həbs edilən üçüncü gənc fəaldır. Gənc blogerlər Emin Milli və Adnan Hacızadə xuliqanlıq ittihamı ilə həbs edilib.